...

“Gender bərabərliyinə nail olunmasında əsas çətinliklər” mövzusu müzakirə olunub

Cəmiyyət Materials 25 Noyabr 2022 16:05 (UTC +04:00)
“Gender bərabərliyinə nail olunmasında əsas çətinliklər” mövzusu müzakirə olunub
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Bu gün Ədliyyə Nazirliyi tərəfindən İnsan Hüquqları üzrə Müvəkkili və Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurası ilə birgə Penitensiar xidmətin 4 saylı cəzaçəkmə müəssisəsində Qadın Zorakılığına qarşı Beynəlxalq Mübarizə Gününə həsr olunmuş “Gender bərabərliyinə nail olunmasında əsas çətinliklər” mövzusunda müzakirə keçirilib.

Trend-in məlumatına görə, tədbirdə Ədliyyə Nazirliyinin rəhbər şəxsləri, İnsan Hüquqları üzrə Müvəkkil Səbinə Əliyeva, Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurası Katibliyinin rəhbəri, İqtisadiyyat Nazirliyinin şöbə müdiri Hüseyn Hüseynov, BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisi Vladanka Andreeva, Mediasiya Şurasının sədri Nadir Adilov, Ailə, Qadın və Uşaq məsələləri üzrə Dövlət Komitəsinin, dövlət qurumlarının, digər təşkilatların, elm və təhsil müəssisələrinin təmsilçiləri, vəkillər, vətəndaş cəmiyyəti institutları, hüquqşünas tələbələr və media nümayəndələri iştirak ediblər.

Əvvəlcə ölkə Prezidenti İlham Əliyevin iştirakı ilə istifadəyə verilmiş qadın və yetkinlik yaşına çatmayan məhkumlar üçün yeni penitensiar müəssisələrin fəaliyyəti və yaradılmış müasir şəraitlə tanışlıq olub.

Dayanıqlı İnkişaf üzrə 5-ci (Gender bərabərliyi), 10-cu (Bərabərsizliyin azaldılması) və 16-cı (Sülh, ədalət və səmərəli institutlar) Məqsədlərə nail olunmasında qarşıdakı perspektivlərə həsr olunan tədbirdə Ədliyyə Nazirliyi İnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Aynur Sabitova iştirakçıları salamlayaraq gender bərabərliyinin təmin olunması, məişət zorakılığının qarşısının alınması məsələləri ilə bağlı ictimai müzakirələrin aparılması baxımından tədbirin əhəmiyyətini qeyd edib.
Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin rəis müavini Oqtay Məmmədov, İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Səbinə Əliyeva, BMT-nin Rezident Əlaqələndiricisi Vladanka Andreeva, Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurası Katibliyinin rəhbəri Hüseyn Hüseynov açılış nitqi ilə çıxış ediblər.

Tədbirdə gender bərabərliyinə nail olunmasında, eyni zamanda qadınların səlahiyyətlərinin genişləndirilməsində və onların iqtisadi resurslara bərabər çıxış hüquqlarının yaradılmasında Dayanıqlı İnkişaf Məqsədlərinin rolu, qadın və qızlara qarşı bütün formalarda zorakılığın aradan qaldırılması sahəsində qeyri-hökumət təşkilatlarının fəaliyyəti, qadınların hüquq və azadlıqlarının təmin olunmasında məhkəmə-hüquq islahatlarının dərinləşdirilməsinin vacibliyi, uşaqlara qarşı pis rəftar, onların istismarı və ümumiyyətlə bütün formalarda uşaq zorakılığına qarşı mübarizə üsulları məsələləri müzakirə olunub.

Sonra Qadın məhkumlardan ibarət özfəaliyyət dərnəyinin ifasında​ konsert proqramı keçirilib.

Tədbir çərçivəsində Landau Məktəbinin dəstəyi ilə pulsuz ingilis dili (İELTS) kursunun açılışı olub, Vəkillər Kollegiyasının “Qadın vəkillər” alyansı tərəfindən pulsuz hüquqi yardım aksiyası, “İçəri şəhər” Muzey Mərkəzi tərəfindən “Qurama” sənəti üzrə ustad dərsi keçirilib, qadın məhkumların əl işlərindən ibarət sərgi nümayiş etdirilib

Məqalədə:
Xəbər lenti

Xəbər lenti