Bakı. Trend:
Azərbaycanda Yerin məsafədən müşahidəsi xidmətlərinin inkişafı üzrə Dövlət Proqramı çərçivəsində iqlim dəyişikliyinə məruz qalan ərazilər üzrə məlumat bazası yaradılıb.
Trend-in məlumatına görə, bunu "Azərkosmos" ASC-nin İdarə Heyətinin sədri Saməddin Əsədov Dövlət Proqramının icrasının yekunlarına həsr olunmuş konfransda deyib.
Onun sözlərinə görə, bu gün qlobal problemlərdən biri də iqlim dəyişikliyidir.
"Biz Böyük və Kiçik Qafqaz dağlarında buzlaqların monitorinqini aparmışıq, Kür çayında suyun səviyyəsində dəyişiklikləri öyrənmişik, meşə yanğınları ilə bağlı proqnozlaşdırma və miqyasların qiymətləndirilməsi kimi iri layihələr həyata keçirmişik", - deyə S.Əsədov bildirib.
Ümumilikdə dövlət proqramının icrası çərçivəsində doqquz istiqamət üzrə 99 tədbir nəzərdə tutulub ki, bunun üçün 32 dövlət strukturu cavabdehdir.
Qeyd edək ki, 2019-2022-ci illəri əhatə edən dövlət proqramının yekunlarına əsasən, yerli dövlət qurumları və təhsil müəssisələri ilə birlikdə “Azərkosmos”un peyk görüntülərindən istifadə etməklə 400-dən çox layihə həyata keçirilib.