Bakı. Trend:
ABŞ səfirliyinin müvəqqəti işlər vəkili Hüqo A.Qevara Gəncədə 12, 14, 26, 32, 34 və 43 saylı orta məktəblərin 50 şagirdi üçün “Aztəminatli İcmalar üçün ingilis dili proqramının açılış mərasimində iştirak edib.
Bu barədə Trend-ə ABŞ səfirliyindən məlumat verilib. Bildirilib ki, tədbirdə müvəqqəti işlər vəkili Qevara ABŞ hökumətinin ingilis dili proqramlarına və təhsil sahəsində liderliyə verdiyi dəstəyi vurğulayıb. O, ingilis dili bacarıqlarının inkişaf etdirilməsinin zəruriliyini qeyd edərək deyib: “Bugünkü qloballaşan iqtisadiyyatda ingilis dilini öyrənmək xaricdə təcrübə əldə etmək, təhsil və peşəkar təcrübənizi genişləndirmək üçün çox vacibdir”. Qevara, həmçinin ingilis dilinin gənclərə təhsil və karyera imkanları yaratmaqla yanaşı, Azərbaycan və ABŞ arasında körpülərin qurulmasındakı rolunu vurğulayıb.
2018-ci ildən bəri ABŞ səfirliyi tərəfindən maliyyələşdirilən “Aztəminatlı icmalar üçün ingilis dili proqramı” Azərbaycanın bir sıra regionlarında 500-ə yaxın tələbənin dil biliklərini təkmilləşdirib. Bu il proqram Gəncə, Astara və Şəki şəhərlərində aztəminatlı icmalarda yaşayan 12-17 yaşlı 120 nəfərə kommunikativ tədris metodlarına əsaslanan, danışıq və anlama bacarıqlarının artırılmasına diqqət yetirən yüksəkkeyfiyyətli ingilis dili tədrisi verəcək. Bu, eyni zamanda, gənclərin Amerika mədəniyyəti, ictimai xidmət və tənqidi düşünmə bacarıqları haqqında daha çox öyrənmələri üçün bir fürsətdir.
İngilis dili dərslərinə ABŞ hökuməti mübadilə proqramlarının ixtisaslı məzunlarından ibarət komanda rəhbərlik edir. Tələbələr ABŞ Dövlət Departamenti tərəfindən maliyyələşdirilən ingilis dili mütəxəssisi tərəfindən keçirilən müsahibələr və yerləşdirmə testləri daxil olmaqla, rəqabətli müraciət prosesindən sonra seçilib. Dərslər noyabr ayında başlanıb və 2023-cü ilin iyun ayına kimi davam edəcək.
Bu proqram ingilis dilinin tədrisi sahəsində ABŞ səfirliyi tərəfindən dəstəklənən bir neçə layihədən biridir. Bu günlərdə Lökbatan və Biləsuvarda yerləşən Ağdam, Zəngilan, Laçın və Cəbrayıl ümumtəhsil məktəblərindən 25 şagird ABŞ Dövlət Departamenti tərəfindən maliyyələşdirilən “İngilis dili mikro təqaüd” ikiillik proqramının məzunu olub. Həmin proqram tələbələrə ingilis dilində möhkəm bünövrə əldə etməyə, onları universitet və mübadilə proqramları üçün müraciət edərkən namizəd kimi təkmilləşdirməyə və davamlı iş tapmağa kömək edir. Bundan əlavə, ABŞ səfirliyi Şimali Karolina Dövlət Universiteti ilə birlikdə Azərbaycan universitetlərində və orta məktəblərində ilkin testlər, müəllim hazırlığı, habelə Azərbaycandakı ingilis dili müəllimləri şəbəkəsinin gücləndirilməsi vasitəsilə universitet və ümumtəhsil məktəblərində yüksəkkeyfiyyətli ingilis dili təhsilinin inkişafını təşviq edən “İngilis dili bacarığının gücləndirilməsi” layihəsinin üçüncü iterasiyası üzərində çalışır. Səfirlik, həmçinin Bakı, Gəncə, Mingəçevir, Şəki və Lənkərandakı universitetlərin ingilis dili bölmələrində müəllim və tələbələrlə çalışan altı fulbrayt ingilis dili tədris köməkçisini və üç ingilis dili təqaüdçüsünü dəstəkləyib.