...

ADPU-nun prorektoru Eldar Aslanov: "Ölkəmizə xidmət bizim milli borcumuzdur" (FOTO)

Cəmiyyət Materials 21 Yanvar 2023 15:03 (UTC +04:00)
ADPU-nun prorektoru Eldar Aslanov: "Ölkəmizə xidmət bizim milli borcumuzdur" (FOTO)

Bakı. Trend:

Türkiyədə təhsil alaraq dünyanın müxtəlif ölkələrində karyeralarını davam etdirən “Türkiyə Məzunları” İstanbulda "Türkiyə Məzunları Forumu - 2023"-də bir araya gəliblər. Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın himayəsi, Xaricdə Yaşayan Türklər və Qohum Cəmiyyətlər Baş İdarəsinin təşkilatçılığı ilə keçirilən foruma 60 ölkədən ali təhsilini Türkiyədə başa vurmuş 200 məzun qatılıb. Forum çərçivəsində Türkiyə Respublikası Mədəniyyət və Turizm Naziri Mehmet Nuri Ersoyun və bir çox rəsmilər, alim və məzunların iştirakı ilə panellər keçirilib. Panellərdə çıxış edən məzunlar aldıqları təhsillə ölkələrinə qayıtdıqdan sonra əldə etdikləri nailiyyətlərdən danışıblar.
Qeyd edək ki, forumda iştirak edən Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) tədris işləri üzrə prorektoru dosent Eldar Aslanov da magistratura və doktorantura təhsilini Türkiyədə alıb. Türkiyə mediasında açıqlamasında “Azərbaycanlı tələbələrin qardaş ölkə olan Türkiyədə təhsil alması xüsusi bir fərqlilikdir” deyən E.Aslanov bildirib: “Biz burada təhsil almaqdan qürur duyuruq. Burada olduğum müddətdə müxtəlif ölkələrdən dostlar qazandım. Hamımız uğur qazanmışıq. Bu, Türkiyənin təhsil sisteminin çox uğurlu olduğunun göstəricisidir. Türkiyədə doktorantura təhsilimi bitirdikdən sonra çox cəlbedici bir iş təklifi aldım. Amma mən öz ölkəmə getmək istəyirdim. Ölkəmizə xidmət bizim milli borcumuzdur”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti