Bakı. Trend:
Səhiyyə Nazirliyində Asiya İnkişaf Bankının (AİB) Azərbaycandakı Daimi Nümayəndəliyinin rəhbəri xanım Kəndis Makdeyqan ilə görüş keçirilib.
Nazirlikdən Trend-ə verilən məlumata görə, qonaqları salamlayan
səhiyyə naziri Teymur Musayev Azərbaycan ilə Asiya İnkişaf Bankı
arasında səmərəli əməkdaşlığın olduğunu bildirdi: “Həmçinin, son
illər birgə regional əməkdaşlığımız dinamik şəkildə inkişaf
edir”.
Rəqəmsal texnologiyalardan istifadə səhiyyə sistemində aparılan
islahatların əsasını təşkil etdiyini diqqətə çatdıran Teymur
Musayev səhiyyə sisteminin təkmilləşdirilməsinin, xüsusilə də
rəqəmsallaşmasının və insan kapitalının inkişaf etdirilməsi ölkəmiz
üçün prioritet məsələ olduğunu bildirdi. Onun sözlərinə görə, Asiya
İnkişaf Bankı ilə müxtəlif sahələrdə əməkdaşlıq ölkəmizdə qabaqcıl
beynəlxalq təcrübənin tətbiqi baxımından xüsusi əhəmiyyət kəsb
edir. Bunu nəzərə alaraq, Səhiyyə Nazirliyi bu sahədə Asiya İnkişaf
Bankı ilə əməkdaşlığı genişləndirməkdə maraqlıdır.
Səmimi qarşılanmaya görə minnətdarlığını bildirən AİB-nin Azərbaycandakı Daimi Nümayəndəliyinin rəhbəri ölkəmizin səhiyyə sistemində aparılan islahatların dəstəkləndiyini vurğulayıb. Kəndis Makdeyqan həmçinin qeyd edib ki, cari il ərzində Asiya İnkişaf Bankı tərəfindən Azərbaycanla 2024-2028-ci illər üçün Ölkə Tərəfdaşlığı Strategiyası (ÖTS) hazırlanacaq. Onun sözlərinə görə, bu sənəd AİB-Azərbaycan tərəfdaşlığının uzunmüddətli prioritetlərini, o cümlədən səhiyyə sektorunda əməkdaşlığı müəyyən edəcək.
Görüş zamanı ÖTS-nin növbəti dövrü ərzində potensial əməkdaşlıq sahələrinə dair fikir mübadiləsi aparılıb. Tərəflər, həmçinin ölkəmizdə rəqəmsal səhiyyənin inkişafı üzrə əməkdaşlığı müzakirə ediblər.