Bakı. Trend:
Mərkəzi Gömrük Hospitalının Kardiologiya şöbəsinin rəisi, yandal uzmanı, invaziv kardioloq İlqar Tahiroğlu və invaziv kardioloq Şəhla Ağayeva tərəfindən növbəti dəfə Transkateter Aorta Qapağı İmplantasiyası (TAVİ) əməliyyatı uğurla həyata keçirilib. Yüksək şəkərlə və yüksək təzyiqlə, əvvəllər stent taxılmış, təngnəfəslik və boğulma şikayətləri ilə Mərkəzi Gömrük Hospitalına daxil olmuş 75 yaşlı pasiyentdə anju zamanı ürək damarlarının və stentlərinin açıq olduğu, ürəyin aorta qapağında kritik darlıq olduğu, qapaq açılma sahəsinin 0,6 sm2 olduğu müəyyən edildikdən sonra xəstə üzərində TAVİ əməliyyatının icrası qərarı verildi.
Mərkəzi Gömrük Hospitalında pasiyentin bud arteriyasından girilərək, heç bir kəsik aparılmadan və narkoz verilmədən Dr.İlqar Tahiroğlu və Dr.Şəhla Ağayeva tərəfindən TAVİ əməliyyatı icra olunub və yeni evolut 26 mm-lik aorta qapağı yerləşdirilib. Xəstənin təngnəfəsliyi və boğulması aradan qaldırılıb. O, əməliyyatdan 12 saat sonra xəstə gəzməyə başlayıb, 24 saat sonra isə evə buraxılıb.
Fəxrlə qeyd edirik ki, Transkateter Aorta Qapağı İmplantasiyası (TAVİ) əməliyyatı Mərkəzi Gömrük Hospitalında Kardiologiya şöbəsinin yüksəkixtisaslı invaziv kardioloqları tərəfindən icra olunur. TAVİ əməliyyatı Azərbaycanda nadir icra olunan əməliyyatlardan və tibbin son nailiyyətlərindən biridir. Bu əməliyyat yanaşı xəstəlikləri olan yaşlı insanlar, o cümlədən yüksək ölüm riskli aorta stenozu olan xəstələrin cərrahi müalicəsinin optimal növüdür. Bu zaman xəstənin ürəyində açıq ürək əməliyyatı həyata keçirməyə ehtiyac olmur. Aorta qapağının bioprotezi döyünən ürəyə implantasiya edilir. Əvəzedici aorta qapağının yerləşdirilməsi və implantasiyası üçün bud arteriyasından xüsusi kateter daxil edilir.