...

Gömrük Akademiyasında “Cyber 360” kibertəhlükəsizlik tətbiq laboratoriyasının açılış mərasimi olub (FOTO)

Cəmiyyət Materials 24 Fevral 2023 14:00 (UTC +04:00)
Gömrük Akademiyasında “Cyber 360” kibertəhlükəsizlik tətbiq laboratoriyasının açılış mərasimi olub (FOTO)

Bakı. Trend:

Dövlət Gömrük Komitəsinin Akademiyası ilə “Karmasis Azərbaycan” şirkətinin əməkdaşlığı çərçivəsində qurulan “Cyber 360” kibertəhlükəsizlik tətbiq laboratoriyasının açılış mərasimi keçirilib.

Trend xəbər verir ki, Azərbaycanda ilk dəfə Gömrük Akademiyasında “Karmasis Azərbaycan” şirkəti tərəfindən qurulan virtual laboratoriyanın açılış mərasimində Dövlət Gömrük Komitəsinin sədr müavini Natiq Şirinov, Dövlət Gömrük Komitəsinin Akademiyasının rəisi gömrük xidməti general-mayoru Qulu Novruzov, “Karmasis” şirkətinin sahibi və baş direktoru Murat Eraydın, “Karmasis Azərbaycan” şirkətinin baş meneceri Berna Baysal, Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin rəis müavini Samir Rəsulov, həmçinin, Dövlət Gömrük Komitəsi də daxil olmaqla bir çox dövlət və özəl qurumların rəhbər heyəti, nümayəndələri və Akademiyanın əməkdaşları iştirak ediblər.

Tədbirin əvvəlində şəhidlərimizin və qardaş Türkiyədə zəlzələ qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra Akademiyanın fəaliyyəti və inkişaf istiqamətləri haqqında təqdimat nümayiş olunub.

Açılış nitqi ilə çıxış edən Akademiyanın rəisi Qulu Novruzov tədbir iştirakçılarını salamlayaraq, “Karmasis Azərbaycan”la qurulan səmərəli əməkdaşlıq əlaqələrindən bəhs edib. O, Akademiyada “Karmasis Azərbaycan”nın öz məhsulları ilə qurulan “Cyber 360” kibertəhlükəsizlik tətbiq laboratoriyası barəsində məlumat verərək laboratoriya üçün fiziki infrastrukturun Dövlət Gömrük Komitəsinin Akademiyası tərəfindən təmin edildiyini qeyd edib.

Tədbirdə çıxış edən Dövlət Gömrük Komitəsi sədrinin müavini Natiq Şirinov gömrük orqanlarının peşəkar kadrlarla təmin edilməsi istiqamətində Akademiyanın səmərəli fəaliyyətini yüksək qiymətləndirdiyini, Azərbaycanın gömrük xidmətinin müasir dövrümüzdə dünya standartlarına cavab verən qurum kimi formalaşdığını qeyd edib və Akademiyanın gələcək fəaliyyətində uğurlar arzulayıb.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin rəis müavini Samir Rəsulov isə bildirib ki, texnologiyaların inkişafı, rəqəmsallaşma prosesinin sürətlənməsi kibertəhlükəsizliyin daim diqqət mərkəzində saxlanılmasını tələb edir. O, çox sevindirici hal kimi qeyd edib ki, artıq ölkəmizdə kibertəhlükəsizlik üzrə kadr hazırlığı həyata keçirən ali təhsil müəssisələrində bu tipli tətbiq laboratoriyalarının yaradılmasına başlanılıb. Samir Rəsulov əlavə edib ki, Elektron Təhlükəsizlik Xidməti də öz növbəsində sahə üzrə kadr hazırlığı və tədqiqatların aparılması istiqamətində Akademiyaya dəstək göstərməyə hazırdır.

Daha sonra “Karmasis Azərbaycan”nın baş meneceri Berna Baysal və “Karmasis”in baş direktoru Murat Eraydın 20 ildir kibertəhlükəsizliyin ən kritik nöqtələrində qlobal markalara rəqib olan məhsulları ilə verilənlər bazası təhlükəsizliyi/həssas verilənlərə girişin monitorinqi fəaliyyətini göstərən “Karmasis”in yaranma konsepsiyası və fəaliyyət istiqamətləri haqqında ətraflı məlumat verərək Akademiyanın fəaliyyətinə töhfə verəcək əməkdaşlıqdan qürur duyduqlarını və bu istiqamətdə Akademiyaya daim dəstək olacaqlarını bildiriblər.

Tədbirdə çıxış edənlər müasir dövrümüzdə kibertəhlükəsizlik sahəsi üzrə kadrlara tələbatda ciddi artımın müşahidə olunduğunu diqqətə çatdıraraq İT sahəsi üzrə mütəxəssis hazırlığının həyata keçirilməsinin vacib rolunu qeyd ediblər.

Mərasimin rəsmi hissəsindən sonra laboratoriyanın açılışı olub.

Qeyd edək ki, Dövlət Gömrük Komitəsinin Akademiyasında qurulmuş “Cyber 360” kibertəhlükəsizlik tətbiq laboratoriyası tələbələrə qeyd olunan tərkibdə (Infraskope SIEM++, Dataskope – Database Activity Monitoring and Prevention, Infraskope Screen Recorder) Karmasis kibertəhlükəsizlik məhsullarından istifadə etmə və beləliklə, kritik sistemlərə nəzarət etmə imkanı verəcəkdir. Tələbələr Infraskope SIEM++ vasitəsilə Windows, Linux, şəbəkə cihazları, proqram serverləri və s. kimi mənbələrdən gələn log məlumatlarını idarəetməyi, DATASKOPE məhsulunun vasitəsilə kritik verilənlər bazası sistemlərinə girişlərin və yerinə yetirilən dəyişikliklərin gözlənildiyi, planlaşdırıldığı və arzu edildiyi kimi olmasını təmin etməyi, Infraskope Screen Recorder proqram təminatı vasitəsilə isə kritik serverlərdə və ya iş stansiyalarında baş verən əməliyyatları mərkəzləşdirilmiş şəkildə rekord edib saxlamağı öyrənəcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti