Bakı. Trend:
Yeni tikilmiş çoxmənzilli yaşayış binalarında içməli su təchizatı və tullantı sularının axıdılması xidmətləri üzrə uçotun qurulması, debitor borc probleminin aradan qaldırılması istiqamətində tədbirlər davam etdirilir. “Azərsu” Açıq Səhmdar Cəmiyyəti (ASC) tərəfindən Yasamal rayonunda keçirilən nəzarət tədbirləri zamanı uzun müddətdir debitor borclarını ödəməyən binaların su təchizatı dayandırılıb.
ASC-dən Trend-ə bildirilib ki, Yasamal rayonunda yeni tikilmiş çoxmənzilli yaşayış binalarında içməli su təchizatı və tullantı sularının axıdılması xidmətləri üzrə borcların ödənilməsində, həmçinin mənzillərin kodlaşdırılmasında nöqsanlar aşkarlanıb. Qurban Xəlilov küçəsində yerləşən “Kainat” MTK-ya məxsus 16 mərtəbəli yaşayış binasında mənzillər kodlaşdırılmayıb. Buna görə də içməli və tullantı su təchizatı xidmətləri üzrə hesabat binanın girişindəki balans sayğacına görə aparılır. Hazırda 120 mənzildən ibarət bina sakinlərinin ümumilikdə 7095 manat debitor borcu mövcudddur. Sakinlər bildirir ki, onlar əvvəlki dövrlərdə içməli su təchizatı və tullantı suları üzrə xidmət haqlarını mənzil tikinti kooperativinə ödəyiblər.
Qurban Xəlilov küçəsində yerləşən “Bakı” MTK-ya məxsus 16
mərtəbəli yaşayış binasının 10183 manat borcu mövcuddur. 1999-cu
ildə tikilmiş yaşayış binasının rəhbərliyi uzun illər kodlaşdırma
üçün müraciət etməyib. Yalnız 2020-ci ildə binadakı 110 mənzil
kodlaşdırılsa da əvvəlki dövrün borcları ödənilməyib. Bina
kodlaşdırıldıqdan sonra da abonentlərin bir qismi ödəniş
etmədiyindən 3000 manatadək yeni borc yaranıb.
Məmməd Rahim küçəsində yerləşən “Rahat məkan” MTK-ya məxsus 16
mərtəbəli 166 mənzildən ibarət yaşayış binasının isə yığılmış borcu
nə az, nə çox, düz 30575 manatdır. Borcun ödənilməsi üçün binanın
içməli su təchizatının dayandırılmasına qərar verilib. Lakin giriş
xətləri qapalı yerdə olduğundan su təchizatının dayandırılması
mümkün olmayıb. Müvafiq təşkilatdan icazə alındıqdan sonra küçədə
qazıntı işləri aparılaraq binaya suyun veriməsi dayandırılacaq.
Yasamal rayonu Ümid Əkbərov küçəsindəki apartman tipli beşmərtəbəli yaşayış binasında isə sudan uçotsuz istifadə halı aşkarlanıb. Obyektin vaxtilə giriş sayğacı olsa da, sonradan nasaz vəziyyətə düşüb, sahibkar isə yeni sayğacın quraşdırlması ilə bağlı tədbir görməyib.
Debitor borcu olan və sudan uçotsuz istifadə edən binaların içməli su təchizatı dayandırılıb. Qeyd edək ki, bəzi yeni çoxmənzilli yaşayış binaları istismara qəbul edilmədiyindən həmin binalarda mənzillərin kodlaşdırılması mümkün deyil. Belə olan halda həmin binalar bir abonent kimi qeydiyyata alınır və sərfiyyat binanın girişində quraşdırılmış balans sayğacı ilə aparılır. Mənzillərdə suyun istifadəsi və ödəniş məsələləri isə mənzil tikinti kooperativləri ilə payçılar arasında tənzimlənir. “Azərsu” Açıq Səhmdar Cəmiyyəti mənzil tikinti kooperativlərinə müraciət edərək mənzillərin kodlaşdırılması və sayğacların quraşdırılmasını təmin etməyə, həmçinin yığılmış debitor borcların ödənilməsinə çağırır. Debitor borcları birdəfəyə ödəmək mümkün olmadıqda razılaşma protokolu əsasında hissəli ödənişə imkan yaradılır. Debitor borclar ödənilmədiyi təqdirdə binaların su təchizatı dayandırlacaq.