...

1 saylı cəzaçəkmə müəssisəsində əfv sərəncamının icrasına başlanılıb

Cəmiyyət Materials 8 May 2023 12:49 (UTC +04:00)
1 saylı  cəzaçəkmə müəssisəsində əfv sərəncamının icrasına başlanılıb
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Penitensiar Xidmətin 1 saylı cəzaçəkmə müəssisəsində Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə verilmiş Əfv Sərəncamının icrasına başlanılıb.

Trend-in məlumatına görə, müəssisədən 1 nəfər azadlığa buraxılıb. Sərəncama əsasən 11 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən 4 nəfərin cəzası azaldılıb.

Xatırladaq ki, Prezident İlham Əliyev Məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyi münasibətilə əfv olunması haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən 801 məhkum əfv olunmuş, onlardan 463 şəxs azadlıqdan məhrum etmə cəzasından, 220 şəxs azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsinin yarısından, 118 nəfər azadlıqdan məhrum etmə ilə bağlı olmayan dıgər cəzalardan (azadlığın məhdudlaşdırılması, islah işləri, cərimə cəzaları və cəzaya şərti məhkum edilmiş şəxslər) azad edilib.

Əfv edilmiş məhkumlardan 14-ü əcnəbidir. Sərəncamla onlardan 12-i cəzadan tam, 2-i isə cəzanın yarı hissəsindən azad olunmuşdur. Müvafiq hökmlərə əsasən cəzadan azad olunduqdan sonra 4 xarici məhkumun Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılması nəzərdə tutulur. Digər əcnəbi məhkumlar isə milliyyətcə azərbaycanlı və ya ailə üzvləri Azərbaycan Respublikasının vətəndaşı olduğundan məcburi çıxarılma onlara tətbiq edilməyəcəkdir .

Bununla yanaşı Sərəncamla hüquq müdafiə təşkilatlarının müraciətləri əsasında 10 məhkum da cəzadan azad edilib.

Onlar arasında jurnalist Elçin Məmməd, Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev də yer almış, həmçinin 5 nəfər Tərtər hadisələri, 3 nəfər isə 2018-ci ildə baş vermiş Gəncə hadisələri ilə əlaqədar məhkum edilmişdir. Həmin şəxslərin cəzalarının əsas hissəsini çəkdikləri, cəza çəkdikləri müddət ərzində davranışları, ailə vəziyyətləri və sağlamlıqları nəzərə alınaraq əfv edilməsi barədə qərar qəbul edilib.

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyi münasibəti ilə cari ilin yanvar ayından etibarən Azərbaycan Respublikası Prezidenti yanında Əfv Məsələləri Komissiyasının 14 iclası keçirilmiş və həmin iclaslarda 2400-ə yaxın sənəd müzakirə olunub.

Qeyd edilməlidir ki, bu Sərəncam şamil edildiyi şəxslərin dairəsinə görə müstəqil Azərbaycan Respublikasının tarixində qəbul edilmiş ən böyük əfv aktıdır. Müqayisə üçün qeyd olunmalıdır ki, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə qəbul edilmiş 2018-ci il 24 may tarixli Əfv Sərəncamı 634 məhkuma şamil edilib.

Əfv Sərəncamının may ayının 10-dək icra olunması planlaşdırılır.

Xəbər lenti

Xəbər lenti