...

Əlilliyi olan şəxslər arasında "Fibonacci" intellektual oyunu təşkil olunub (FOTO)

Cəmiyyət Materials 8 May 2023 17:24 (UTC +04:00)
Əlilliyi olan şəxslər arasında "Fibonacci" intellektual oyunu təşkil olunub (FOTO)

Bakı. Trend:

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyi tərəfindən əlilliyi olan şəxslər arasında "Fibonacci" intellektual oyunu təşkil olunub.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsi​ndən Trend-ə verilən məlumata görə, “Heydər Əliyev İli”nə həsr olunan yarışda ölkəmizin müxtəlif regionlarından olan əlilliyi müəyyən edilmiş şəxslərin təmsil olunduğu 21 komanda iştirak edib.

Tədbirdə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Vüsal Nəsirli, Nazirlik yanında İctimai Şuranın sədri Elşad Məmmədov iştirak ediblər. V.Nəsirli Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulan sosial inkişaf strategiyasında əlilliyi olan şəxslərin sosial müdafiə və reabilitasiya tədbirləri ilə əhatə olunmasının, onların cəmiyyətə inteqrasiyasına şərait yaradılmasının mühüm istiqamətlərdən biri olduğunu vurğulayıb.

Prezident cənab İlham Əliyevin əlilliyi olan şəxslərə xüsusi qayğısından bəhs edən nazir müavini Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunan bu yarışın əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiyasında əhəmiyyətini diqqətə çatdırıb. Bildirilib ki, əlilliyi olan şəxslər arasında belə intellektual yarışların təşkili davamlı xarakter daşıyır.

"Fibonacci" intellektual oyunu dünya intellektual oyunlar sistemində ən nüfuzlu oyunlar sinfinə daxildir. Oyun zamanı verilən suallar "Fibonacci" formatına uyğun tərtib olunub. Hər komandada 6 nəfər əlilliyi olan iştirakçı olmaqla yarışda ümumilikdə 126 nəfər birincilik uğrunda mübarizə aparıb.

Onlardan 18 nəfəri 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər, 33 nəfəri isə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərdir.

Gərgin və maraqlı mübarizənin sonunda Xəzər rayonunun “Xəzər” komandası intellektual oyunun qalibi olub, "Cənub" komandası II yerə, "Odlar Yurdu" komandası III yerə layiq görülüb. Sonda qaliblərə diplom, habelə onlara və digər iştirakçılara pul mükafatları təqdim edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti