...

Şagirdlərin buraxılış imtahanında aşağı nəticə göstərməsinin SƏBƏBİ - Ekspert danışdı

Cəmiyyət Materials 25 May 2023 14:41 (UTC +04:00)
Şagirdlərin buraxılış imtahanında aşağı nəticə göstərməsinin SƏBƏBİ - Ekspert danışdı
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Bu il keçirilən buraxılış imtahanlarında şagirdlər aşağı nəticə göstəriblər. Demək olar ki, bütün sualları doğru cavab verən yoxdur. İl keçdikcə nəticələr heç də ürəkaçan olmur.

Bəs şagirdlərin buraxılış imtahanında belə aşağı nəticə göstərməsinin səbəbi nədir?

Məsələ ilə bağlı Trend-in suallarını cavablayan təhsil eksperti Kamran Əsədov bildirib ki, orta məktəb şagirdləri dərsdən sonra hazırlıq kurslarına, repititorlara müaciət etməsələr, yaxşı nəticə əldə etmələri inandırıcı olmaz.

"DİM tərəfindən keçirilən qəbul imtahanlarında 2 və daha artıq abituriyent eyni balı topladıqda attestatında göstəriciləri yüksək olan seçdiyi ixtisasa qəbul olunur. Bu zaman fərqlənmə attestat abituriyent üçün köməklik göstərir. Lakin, fərqlənmə attestatı abituriyentə ali məktəblərə qəbul prosesində müsabiqədən kənar seçim imkanı yaratmır. Tam orta məktəbi bütün fənlərdən “3” qiymətlə başa vuran məzunların 96.27%-nin qəbul imtahanlarındakı nəticələri də çox zəif – 0–200 bal intervalında olub. “5” qiymətlə bitirən məzunların isə yalnız 30.82%-i attestat qiymətlərini doğrulda bilib. Bu da məktəblərdə verilən aşağı qiymətlərin obyektiv olduğunu, yüksək qiymətlərin isə nisbətən şişirdildiyini göstərir. Əlbəttə, obyektiv qiymətləndirilmə aparılarsa, təhsilin bir pilləsində əldə olunmuş nailiyyətlər digər pilləyə keçiddə nəzərə alınmalıdır. İndiki halda isə ali təhsil müəssisələrinə qəbul zamanı attestat qiymətləri nəzərə alınaraq bunun əsasında abituriyentin nəticəsinə hər hansı bal əlavə edilərsə, əla qiymətlərini doğrultmayan “əlaçılar” öz biliyi hesabına bal toplayanları sıxışdırıb onları ali təhsil müəssisələrinə qəbulda üstələyə bilərlər. Digər tərəfdən, bu cür addımın subyektivliyə bir qədər də yol açmayacağına zəmanət vermək çətindir", - deyə K. Əsədov qeyd edib.

Ekspert bildirib ki, şagirdlər əvvəllər yalnız ali məktəbə qəbul zamanı seçdikləri qrup üzrə nəzərdə tutulan fənləri oxuyur, digər fənlərə ögey münasibət bəsləyirdilər.

"Mərkəzləşdirilmiş imtahanlar şagirdlərin əsas təlim fənlərinə münasibətini dəyişib, məsuliyyətini artırıb. Eyni zamanda, müəllim və valideynlərin sıx əməkdaşlığına, faydalı ünsiyyət mühitinin yaradılmasına, X-XI siniflərdə davamiyyətin yaxşılaşmasına, cəmiyyəti narahat edən neqativ halların aradan qaldırılmasına səbəb olub. İndi həm şagirdlərə, həm də valideynlərə aydındır ki, tam orta təhsil haqqında attestat almaq üçün yeganə meyar bilikdir.

Bu gün Azərbaycanda oxuma-yazma bacarığı 100%-ə çatıb. Bu dünyada ən yüksək nəticələrdən biridir. Amma eal rəqəmlər odur ki, məktəblərin böyük qismində tədris normal aparılmır, müəllimlərin çoxunun peşəkarlıq səviyyəsi aşağıdır" - deyə o əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti