...

“Postkovid sindromu: Qlobal pandemiyanın arzuolunmaz nəticəsi” mövzusunda elmi konfrans keçirilib (FOTO)

Cəmiyyət Materials 31 May 2023 11:06 (UTC +04:00)

Bakı. Trend:

30 may 2023-cü il tarixində Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin və Mərkəzi Gömrük Hospitalının birgə təşkilatçılığı ilə “Postkovid sindrom: Qlobal pandemiyanın arzuolunmaz nəticəsi” mövzusunda elmi konfrans həyata keçirilib.

Açılış nitqi ilə çıxış edən Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəisi, t.ü.f.d., əməkdar həkim Ceyhun Məmmədov Konfrans iştirakçılarını salamlayaraq pandemiya və postpandemiya dövründə Mərkəzi Gömrük Hospitalının uğurlu fəaliyyət göstərən tibb müəssisələrindən biri olduğunu vurğulayıb. Xüsusilə elmi məlumatların paylaşılması və təcrübə mübadiləsinin təmin edilməsi istiqamətində pandemiya dövründə də Tibbi Xidmət İdarəsi tərəfindən mütəmadi olaraq tədbirlər həyata keçirildiyini vurğulayan C.Məmmədov çıxışının sonunda iştirakçıları müzakirə sessiyalarında aktiv olmağa dəvət edib.

Konfransın rəsmi açılış hissəsində eyni zamanda Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin rəisi, Milli Məclisin Səhiyyə Komitəsinin sədr müavini, t.e.d., əməkdar həkim Rəşad Mahmudov, ATU-nun " Allerqologiya və immunologiya" kafedrasının müdiri, əməkdar elm xadimi, t. e. d., professor, əməkdar həkim Lalə Allahverdiyeva və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Strateji inkişaf departamentinin rəhbəri Yaqut Qarayeva da çıxış edib. Spikerlər mövzu ilə əlaqəli fikirlərini bölüşərək vacib əhəmiyyətli tibbi mövzulara dair Tibbi Xidmət İdarəsi tərəfindən keçirilən tədbirləri yüksək qiymətləndiriblər.

Rəsmi hissədən sonra Konfransın elmi hissəsi Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini, t.ü.f.d., dosent İsmayıl Əfəndiyev və ATU-nun " Allerqologiya və immunologiya" kafedrasının müdiri, əməkdar elm xadimi, t. e. d., professor, əməkdar həkim Lalə Allahverdiyevanın moderatorluğu ilə davam edib.

100-ə yaxın iştirakçının əyani, 300-ə yaxın iştirakçının distant iştirak etdiyi Konfrans zamanı postkovid sinromla əlaqəli mövzulara dair Mərkəzi Gömrük Hospitalının yüksəkixtisaslı mütəxəssisləri tərəfindən təqdimatlar edilib və auditoriyanı maraqlandıran suallar cavablandırılıb.

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Davamlı Tibbi Təhsil üzrə elm və tədris tədbirlərinin akkreditasiya Qaydaları“ əsasında akkreditasiya olunaraq 4 DTT balı ilə qiymətləndirilmiş Konfrans Mərkəzi Gömrük Hospitalının rəsmi facebook səhifəsindən canlı yayımlanıb.

Xəbər lenti

Xəbər lenti