Bakı. Trend:
Hazırda Gədəbəy rayonunun Söyüdlü kəndində baş verən hadisələrlə bağlı iş aparılır. İlkin məlumatlar olsa da, nəticəni biz gözləməliyik.
Trend xəbər verir ki, bu sözləri Milli Məclisin bu gün keçirilən iclasında Gədəbəydən seçilən deputat Sevinc Hüseynova deyib.
Deputat bildirib ki, Söyüdlü kəndində əhalinin əsas məşğulluq sahəsi əkinçilik, maldarlıqdır:
“Sovet dövründə bu kənd alimlər kəndi kimi də tanınır. Söyüdlü kəndinin əhalisi I və II Qarabağ müharibəsi zamanı vətəninə xidmət edib. Rayonumuzda baş verən hadisə məndə təəssüf hissi doğurur. Dağın başında halal əməkləri ilə övlad böyüdən insanların ekoloji sağlam mühitdə yaşamaq istəyi onların hüququdur. Hadisə zamanı qadına qarşı polisin kobud rəftarı qəbuledilməzdir. Əminəm ki, komissiya qarşısında qoyulan vəzifələr yüksək peşəkarlıqla həyata keçiriləcək, sakinlərimizin narahatlığı aradan götürüləcək.”.
Deputat bu hadisənin necə yarandığına da münasibət bildirib:
“Bu hadisənin Laçın-Xankəndi yolunda ekofəallarımız nəticələr əldə edən, sülh müqaviləsi ilə bağlı irəli addımlar atılan zaman baş verməsi suallar yaradır. Ucqar kənddə bu hadisənin yaranmasının arxasında təbii ki, kimlərsə dayanır. Bu qüvvələrin niyyətləri gözlərində qaldı. Hadisənin qarşısı aidiyyəti qurumlar tərəfindən dərhal alındı və reaksiya verildi. Birmənalı olaraq əminəm ki, Söyüdlüdə iş aparan hüquq mühafizə orqanları, həm də Komissiya bu problemi həll edəcək. Sakinlərimizin ekoloji çirklənmə ilə bağlı müraciətləri vaxtında həll olunacaq. Düşünürəm ki, bu hadisəni törədənlər öz layiqli cəzasını alacaq”, - deyə deputat əlavə edib.
Xatırladaq ki, Gədəbəy rayonunun Söyüdlü kəndində bir qrup şəxs kənd ərazisində süni gölün tikintisinə etiraz olaraq iyunun 20-də aksiya keçirməyə cəhd göstərib. Aksiyanın qarşısı alınan zaman polislə sakinlər arasında insident baş verib. Söyüdlü kəndində vəziyyətin araşdırılması üçün komissiya yaradılıb.