Bakı. Trend:
Tədrisin digər dillərdə aparılan bölmələrdə şagirdlər dövlət dilini kifayət qədər yaxşı bilmirlər.
Trend xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyinin ümumi və məktəbəqədər təhsildə məzmun tədris və qiymətləndirmə şöbəsinin müdiri Vəfa Yaqublu deyib.
Onun sözlərinə görə, bunun aradan qaldırılması üçün bir neçə istiqamətdə addımlar atılıb:
“Artıq 5-6-7-ci siniflərdə şagirdlərin dövlət dilinə ayrılan dərs saatı 2 saatdan 3 saatadək artırılıb. Həmçinin, müəyyən fənlər və məşğələlər Azərbaycan dilində tədris olunur. Məsələn, çağırışaqədərki hazırlıq fənni bütün bölmələrdə 11-ci siniflərdə Azərbaycan dilindədir.
Dərsdənkənar məşğələ kimi keçirilən Zəfər tarixi kursu Azərbaycan dilindədir. Bu ildən etibarən pilot layihə kimi tədris olunan dərsdənkənar məşğələ Ortaq türk tarixi Azərbaycan dilindədir. Musiqi dərslərində Azərbaycan nəğmələri bölmədən asılı olmayaraq orijinal Azərbaycan dilində öyrənilir.
Ötən il Azərbaycan tarixi fənninin bütün bölmələrdə Azərbaycan dilində tədris edilməsi təşəbbüsü qaldırılıb. 20 məktəbdə pilot layihə kimi aparıldı. Təklifə əsasən bu il 100 məktəbdə pilot layihə olaraq Azərbaycan tarixi Azərbaycan dilində tədris olunur. Bu, şagirdlər və müəllimlər üçün problem yaratsa da, səmərəli tərəfləri də var. Biz bunu ötənilki pilot layihədə də gördük. Bu, dilin öyrənilməsinə, milli təfəkkürün formalaşmasına dəstəkdir”.
Qeyd edək ki, Elm və Təhsil Nazirliyinin ümumi və məktəbəqədər təhsildə məzmun tədris və qiymətləndirmə şöbəsinin müdiri Vəfa Yaqublu "Təhsil masası"nda dərsliklər və onların məzmunu barədə suallara aydınlıq gətirib.