Bakı. Trend:
Azərbaycanda energetika sahəsində fəaliyyət növləri müəyyən edilir.
Trend-in məlumatına görə, bununla bağlı məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən “Energetika haqqında” yeni qanun layihəsində əksini tapıb.
Qanun layihəsinə əsasən, energetika sahəsində aşağıdakı fəaliyyət növləri həyata keçirilir:
- enerji resurslarının kəşfiyyatı;
- enerji resurslarının işlənməsi və hasilatı;
- enerji resurslarının emalı;
- enerjinin istehsalı;
- enerjinin saxlanılması;
- enerjinin nəqli (ötürülməsi);
- enerjinin paylanması;
- enerjinin idxalı və ixracı;
- enerjinin topdan və (və ya) pərakəndə satışı;
- təbii qaz və elektrik enerjisi bazarlarının fəaliyyətinin təşkili.
Qeyd edək ki, qanun Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 11-ci bəndinə uyğun olaraq, energetika sahəsində fəaliyyətin ümumi hüquqi, iqtisadi və idarəetmə əsaslarını, habelə enerji təhlükəsizliyinin təmin edilməsinin, sağlam rəqabət mühitinin formalaşdırılmasının, davamlı iqtisadi inkişafın dəstəklənməsinin, istehlakçıların etibarlı, keyfiyyətli, əlçatan və təhlükəsiz enerji ilə təmin edilməsinin mexanizmlərini müəyyən edir.