Bakı. Trend:
Naxçıvana təyyarə biletlərinin tapılmaması ilə bağlı məsələ uzun zamandır problemli olaraq qalır. Amma bildirim ki, artıq Naxçıvana biletlər onlayn olaraq alına bilir.
Trend xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “Aviasiya haqqında” yeni qanun layihəsinin müzakirəsi zamanı rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümbətov deyib.
Nazir müavini qeyd edib ki, bu gün tələbdən asılı olmayaraq cədvəl üzrə Naxçıvana təyyarə sayı 4-dür.
“Bəzən isə 14-ə də qaldırırıq. Məsuliyyətlə deyirik ki, bilet tapılmaması ilə bağlı hal ola bilməz. Biz vətəndaşlara çağırış etsək də ki, onlayn biletinizi alın, onlar vasitəçilər axtarır. Bundan əlavə, insanlar bütün baqajı yığıb hava limanına gedib yerində bilet tələb edir. Xahiş edirik, biletlərinizi 1-2 gün öncədən alın”, - deyə nazir müavini alıb.
Qeyd edək ki, komitənin bu gün keçirilən iclasında “Aviasiya haqqında” yeni qanun layihəsi müzakirəyə çıxarılıb. Bu Qanun Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 23-cü bəndinə uyğun olaraq, Azərbaycan Respublikasının hava məkanından istifadəni və aviasiya sahəsində fəaliyyəti tənzimləyir, aviasiyada təhlükəsizliyin, o cümlədən dövlətin müdafiəsinin, əhalinin və iqtisadiyyatın hava daşımaları və aviasiya işləri ilə əlaqədar ehtiyaclarının təmin edilməsi üçün həyata keçirilən tədbirlərin hüquqi və təşkilati əsaslarını müəyyən edir.