...

"Muğan Bank"dan sonra digər bankları nə gözləyir? - Əmanətçilərin NƏZƏRİNƏ: Deputatdan xəbərdarlıq

Cəmiyyət Materials 19 Oktyabr 2023 10:56 (UTC +04:00)
"Muğan Bank"dan sonra digər bankları nə gözləyir? - Əmanətçilərin NƏZƏRİNƏ: Deputatdan xəbərdarlıq
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

"Muğan Bank" sistem əhəmiyyətli bank hesab olunmurdu. Bu da ondan irəli gəlirdi ki, "Muğan Bank"ın Azərbaycanda bank sektorunda payı kifayət qədər kiçik idi.

Bu barədə Trend-in suallarını cavablayarkən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov deyib.

"Muğan Bank" bank sistemində aktivlərin 1.4 faizini, kredit proftelinin 2 faizini, öhdəliklərin isə 1,3 faizini təşkil edirdi. Bank sektorunda ümumi payı kiçik olduğuna görə lisenziyasının ləğv edilməsi ümumi bank sektoruna ciddi təsir göstərməyəcək. Mərkəzi Bankın məlumatına görə, bankda olan əmanətçilərin 99,9 faizi sığortlanan əmanətlərdir. Sığortalanan əmanətlər olduğu üçün daha qısa zamanda həmin əmanətlərin geri qaytarılması mümkün olacaq", - deyə o bildirib.

Deputat, həmçinin, əlavə edib ki, bankın bağlanması bir sıra digər məsələləri önə çıxarır.

"İlk öncə vətəndaşlarımız banklara əmanətlər qoyarkən çox diqqətli olmalıdır. Əmanətləri yerləşdirən zaman bankın maliyyə hesabatlarını zamanında təqdim etməsinə, göstəricilərinə xüsusi diqqət etməlidirlər. Eləcə də, sığortalanan əmanət formasında vəsaitin yerləşdirilməsi çox vacibdir. Mövcud qaydalara əsasən, qorunan əmanətlərin illik faizi manat üzrə 12, xarici valyuta isə 2,5 faizdən çox olmamalıdır" , - deyə V. Bayramov bildirib.

Qeyd edək ki, Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 18 oktyabr 2023-cü il tarixli Qərarı ilə məcmu kapitalının miqdarının banklar üçün müəyyən edilmiş minimum miqdarından az olduğuna, məcmu kapitalının adekvatlıq əmsalının 3 faizdən az olmasına, cari fəaliyyətini etibarlı və prudensial qaydada həyata keçirmədiyinə, habelə bankın daxili idarəetmə və nəzarət prosedurları adekvat olmadığına görə “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 16.1.6-cı, 16.1.7-ci, 16.1.9-cu, 16.1.18-ci, 57-ci və 61.1-ci maddələrinə əsasən “Muğan Bank” ASC-nin lisenziyası 19 oktyabr 2023-cü il tarixindən etibarən ləğv edilib, banka müvəqqəti inzibatçı təyin edilib və bankın müflisləşmə yolu ilə ləğv edilməsi barədə məhkəməyə müraciət olunub. Mərkəzi Bankın İdarə Heyətinin yuxarıda qeyd olunan qərarı ilə “Muğan Bank” ASC-yə müvəqqəti inzibatçının təyin olunması ilə əlaqədar “Muğan Bank” ASC-nin idarә olunması üzrә bütün sәlahiyyәtlәr, o cümlәdәn bank sәhmdarlarının ümumi yığıncağının sәlahiyyәtlәri müvәqqәti inzibatçıya keçib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti