Bakı. Trend:
Noyabrın 1-də Elm və Təhsil Nazirliyi, Təhsilin İnkişafı Fondunun təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan Təhsilin İnkişafı Forumu keçirilib.
Trend xəbər verir ki, “Təhsildən tərəqqiyə” devizi ilə təşkil olunan forumda iştirakçılarla işgüzar əlaqələrin qurulması, birgə layihələrin planlaşdırılması, həmçinin innovasiya ekosisteminin yaradılması, dövlət – özəl tərəfdaşlığı, təhsil və iqtisadiyyatın inteqrasiyası kimi mövzular üzrə müzakirələr, həmçinin iştirakçıları maraqlandıran sualların yerli və beynəlxalq mütəxəssislər tərəfindən cavablandırılması əsas hədəflərdəndir.
Tədbirdə əvvəlcə Dövlət Himni səsləndirilib.
Daha sonra foruma dair videoçarx nümayiş etdirilib.
Açılış nitqi ilə çıxış edən elm və təhsil naziri Emin Əmrullayev təhsil sisteminin nailiyyətlərindən söz açıb. Nazir bildirib ki, təhsil olmadan innovasiya mümkün deyil. Təhsil sisteminin nailiyyətləri isə uzunmüddətli vaxtda innovasiyanın inkişafına təkan verir.
Nazir çıxışının sonunda forumun işinə uğurlar arzulayıb.
Daha sonra Türkiyənin TED Universitetinin rektoru İhsan Sabuncuoğlu məruzə ilə çıxış edib.
Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibovun
moderatorluq etdiyi “İnnovasiya ekosisteminin yaradılması” adlı ilk
paneldə elm və təhsil naziri Emin Əmrullayev, əmək və əhalinin
sosial müdafiəsi naziri Sahil Babayev, iqtisadiyyat nazirinin
birinci müavini Elnur Əliyev, rəqəmsal inkişaf və nəqliyyat
nazirinin müavini Samir Məmmədov çıxış ediblər.
Forumun ikinci paneli “Universitet – sənaye tərəfdaşlığı” mövzusuna
həsr olunub.
Paneldən öncə “Bilişim Vadisi” Texnoparkının baş icraçı
direktorunun müavini Tuba Öztepe məruzə ilə çıxış edib.
Daha sonra “SABAH.HUB”ın icraçı direktoru Rəhim Bayramlının
moderatorluğu ilə keçirilən paneldə Bakı Dövlət Universitetinin
rektoru Elçin Babayev, Bakı Ali Neft Məktəbinin rektoru Elmar
Qasımov, “BP Azerbaijan” şirkətinin Xəzər regionunda xarici
əlaqələr və kommunikasiya üzrə vitse-prezidenti Bəxtiyar
Aslanbəyli, “NEQSOL Holding”in baş direktoru Yusif Cabbarov,
Azərbaycan Beynəlxalq Bankı İdarə Heyətinin sədri Abbas İbrahimov,
Sumqayıt Texnologiyalar Parkının baş insan resursları inzibatçısı
Şölə Əliyeva spiker qismində çıxış ediblər.
Panel çərçivəsində təhsil və əmək bazarı, sənaye ilə tərəfdaşlıq
strategiyası, sənayenin təhsildən gözləntiləri, əlavə dəyərin
yaradılması, ekosistemin inkişafında bankların rolu, təhsil ilə
iqtisadiyyatın inteqrasiyası, tədqiqat və inkişaf ekosistemi
mövzuları ətrafında müzakirələr aparılıb.
Forumun üçüncü paneli “Gələcək üçün təhsil” mövzusuna həsr
olunub.
Paneldən əvvəl ABŞ-nin “Coursera” şirkətinin baş müşaviri Çad Paşa
məruzə ilə çıxış edib.
Daha sonra ADA Universitetinin prorektoru Fariz İsmayılzadənin
moderatorluğu ilə keçirilən paneldə Azərbaycan Dövlət İqtisad
Universitetinin rektoru Ədalət Muradov, Azərbaycan Texniki
Universitetinin rektoru Vilayət Vəliyev, Dövlət Məşğulluq
Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli, “212”
şirkətinin baş direktoru Numan Numan, TED Universitetinin Tədqiqat,
texnologiya və innovasiyalar bölməsinin direktoru Sanem Yalçıntaş
spiker qismində çıxış ediblər.
Panel çərçivəsində ömürboyu təhsil, əmək bazarının dəyişən
tələbləri, süni intellekt və təhsil mövzularından bəhs olunub.
Qeyd edək ki, “Təhsildən tərəqqiyə” devizi ilə təşkil olunan forum “NEQSOL Holding”, “British Petroleum” şirkəti, SOCAR, Sumqayıt Texnologiyalar Parkı, Azərbaycan Beynəlxalq Bankı, “Azersun Holding” və “BestComp Group”un sponsorluğu ilə keçirilib.