Bakı. Trend:
“Türk dünyasının mədəni turizm perspektivləri” beynəlxalq konfransı və Türk xalqlarının ortaq mətbəxinin təqdimatı keçirilib
Trend xəbər verir ki, Şuşada “Türk dünyasının mədəni turizm perspektivləri” mövzusunda beynəlxalq elmi konfrans keçirilib.
Dövlət Turizm Agentliyi ilə Türk Dövlətləri Təşkilatı (TDT) tərəfindən təşkil olunan tədbirin məqsədi türkdilli dövlətlərin ortaq turizm məhsulları və marşrutlarının yaradılması istiqamətində fikir mübadiləsinin aparılması, bu sahədə əməkdaşlıq perspektivlərinin müzakirə olunmasından ibarətdir. Tədbirdə Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan, Şimali Kipr Türk Cümhuriyyəti və Macarıstanın rəsmi qurumlarının təmsilçiləri, mədəni irs üzrə ekspertləri iştirak ediblər.
Konfransda açılış nitqi ilə çıxış edən Dövlət Turizm Agentliyinin sədr müavini Azadə Hüseynova bu tədbirin Şuşa şəhərində keçirilməsinin təsadüfi olmadığını, Şuşanın türk dünyasının mədəniyyət paytaxtı olması ilə yanaşı, Azərbaycan üçün qələbə və sülh rəmzinə çevrildiyini bildirib. A.Hüseynova tədbirin əhəmiyyətini vurğulayaraq, ortaq mədəni irsə sahib olan türkdilli dövlətlərin turizm sahəsində əməkdaşlığının gücləndirilməsinə ehtiyac olduğunu qeyd edib.
O, konfransın yekunlarının türk xalqları arasında əməkdaşlıq perspektivlərinin genişləndirilməsinə dəstək olacağından əminliyini bildirib.
Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin icraçı direktoru Tural Novruzov Şuşanın ölkəmizin ən gözəl və tarixi-memarlıq abidələri ilə zəngin guşələrindən biri olduğunu qeyd edib.
O, şəhərin özündə və ətrafında mədəni turizmin inkişafi üçün kifayət qədər imkanların mövcudluğunu vurğulayaraq, konfransın işinə uğurlar arzulayıb və gələcəkdə yeni turizm marşrutlarının imkanlarını diqqətə çatdırıb.
Sonra konfransda TDT üzv ölkələrin nümayəndələri “Türkdilli ölkələrin köçəri həyat tərzinin turizm məhsuluna çevrilməsi” mövzusunda təqdimatlarla çıxış ediblər.
İtməkdə olan köçəri həyat tərzinin türk xalqları arasında, eləcə də Azərbaycanda hələ də qorunub saxlandığı qeyd edilib. Dövlət Turizm Agentliyinin təşəbbüsü ilə Agentliyin mütəxəssisləri tərəfindən hazırlanmış nominasiya sənədi ilə "Xınalıq kəndi və Köç yolu Mədəni Landşaftı"nın bu ilin sentyabrda UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edildiyi vurğulanıb. Konfrans çərçivəsində həmçinin iştirakçı ölkələrdə köçəri mədəniyyətini əks etdirən fotolardan ibarət sərgi də təşkil olunub.
Tədbir çərçivəsində Dövlət Turizm Agentliyi və Şuşa Şəhəri Dövlət Qoruğu idarəsinin tərəfdaşlığı ilə türk xalqlarının ortaq mətbəx nümunələrinin təqdimatı da keçirilib. Açıq havada – Şuşadakı Tut bağında təşkil olunan tədbirdə qonaqlar Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkmənistanın mətbəx nümunələrini təqdim edən stendlərlə tanış olublar. Təqdimatın iştirakçıları hər bir türkdilli dövlətin milli xörəklərindən, şirniyyatlarından dadmaq imkanı əldə ediblər. Ziyarətçilərə qutab növləri, plovlar, beşbarmak, kumıs, Qarabağ kətəsi, fərqli növ ət yeməkləri, türk qəhvəsi təqdim edilib. Həmçinin, xüsusi dizayn edilmiş köşklərdə türkdilli ölkələrdən dəvət edilmiş tanınmış aşpazlar ustad dərsləri keçirərək canlı yemək bişirilməsi prosesi nümayiş etdirilib.