Bakı. Trend:
Bəzən vətəndaşlar icbari tibbi sığortadan sui-istifadə edir.
Trend xəbər verir ki, bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev mətbuat konfransı zamanı deyib.
“Evdə oturub, başı ağrıyır, gəlir ki, MRT çəkdirmək istəyirəm. Elə vətəndaş da olub ki, gecə 12-də xəstəxanaya gəlib ki, KT (Kompüter Tomoqrafiyası) çəkdirmək istəyirəm. Ona izah edilir ki, bunun üçün ilk növbədə həkim göndərişi olmalıdır, ikinci məsələ də bunun müəyyən vaxtı olur”, - deyə o bildirib.
Sədr qeyd edib ki, Agentliklə müqaviləsi olan özəl tibb müəssisələrində icra olunan əməliyyatların dəyəri Agentlik tərəfindən həmin tibb müəssisəsinə ödənilir:
"2022-ci ildə 90 milyon manatdan çox vəsait ödənilmişdisə, bu il 2 dəfədən çox artaraq ödəniş 211 milyon manat (bu ilin yanvar-noyabr ayları daxil olmaqla) təşkil edib.
Bu o deməkdir ki, vətəndaşların dövlət xəstəxanalarında göstərilməsi mümkün olmayan xidməti müqaviləli tibb müəssisəsində alması təmin edilib. Bu xidmətə əlçatanlığın göstəricisidir.
Özəldə ən çox icra olunan əməliyyat və prosedurlar: ürək-damar və oftalmoloji əməliyyatlar, invaziv radioloji xidmətlər olub".