Bakı. Trend:
Milli Məclis “Gender bərabərliyinin təmin edilməsinə nəzarəti həyata keçirən icra hakimiyyəti orqanının 2022-ci ildə fəaliyyəti haqqında məlumatı”nı təsdiq edib.
Trend-in məlumatına görə, bu illik məlumat parlamentin bu gün
keçirilən iclasında müzakirəyə çıxarılıb.
Məlumatı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin
sədri Bahar Muradova təqdim edib. B.Muradova ölkədə gender
bərabərliyi haqqında məlumat verib və bu istiqamətdə görülən
işlərdən danışıb.
Hesabata əsasən, ötən il 18 yaşınadək analar tərəfindən doğulan
uşaqların sayı 2011 nəfər olub. Bu rəqəm 2021-ci illə müqayisədə
361 nəfər çoxdur.
Ən yüksək göstəricilər Qazax-Tovuz (280 nəfər), Mərkəzi Aran (245 nəfər) və Qarabağ (240 nəfər) iqtisadi rayonları üzrə qeydə alınıb.
Həmçinin hesabata əsasən, Azərbaycanda 2022-ci ildə Daxili İşlər Nazirliyinə məişət zorakılığı ilə bağlı 9864 müraciət daxil olub. Qeyd edilib ki, məişət zorakılığı ilə bağlı qeydə alınmış cinayətlərin ümumi sayı 1175 (2021-ci ildə 1196), xəsarət alan qadınların sayı 1132 ( 2021-ci ildə 1150) olub. 2022-ci ildə ailə məişət münaqişələri və qısqanclıq zəminində qadınlara qarşı törədilmiş ölümlə nəticələnən cinayət hadisələrinin sayı 2021-ci illə müqayisədə artıb.
Belə ki, 2022-ci ildə ailə məişət münaqişələri və qısqanclıq zəminində qadınlara qarşı törədilmiş ölümlə nəticələnən cinayət hadisələrinin sayı 51 olub ki, onlardan 2-si yetkinlik yaşına çatmayan şəxslərdir. Bu rəqəm 2021-ci ildə 46 idi.
Daha sonra deputatlar öz təklif və rəylərini bildiriblər.
Müzakirələrdən sonra sənəd səsverməyə qoyularaq qəbul edilib.