Bakı. Trend:
Qubadlı rayonu ərazisində yerləşən Balasoltanlı Radio-Televiziya Yayım Stansiyası torpaqlar işğal altında olan müddətdə istismara yararsız vəziyyətə düşüb.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən Trend-ə verilən məlumata görə, işğaldan azad olunan ərazilərdə radio-televiziya yayım şəbəkəsinin bərpası istiqamətində aparılan işlər çərçivəsində sözügedən stansiyaya elektrik veriliş xətti çəkilib, texniki bina təmir edilib və stansiya texniki vasitələrlə təchiz olunaraq yayım üçün hazır vəziyyətə gətirilib.
Belə ki, hər biri 1 kVt gücündə iki ədəd FM radioverici, 1 ədəd 300 Vt gücündə televiziya vericisi, FM radio yayımlar üçün 1x2 konfiqurasiyalı və televiziya yayımları üçün 3x1 konfiqurasiyalı anten sistemləri, eləcə də digər zəruri texniki vasitələr quraşdırılaraq istismara verilib.
Nəticədə 89.5 MHs tezlikdə Azərbaycan Radiosunun, 96.9 MHs tezlikdə İctimai Radionun və 43-cü televiziya kanalında (650 MHs) 8 televiziya proqramının (AzTV, İctimai TV, İdman Azərbaycan TV, Mədəniyyət TV, CBC Sport, ATV, Xəzər TV, Space TV) Qubadlı, Laçın və Zəngilan rayonlarının digər stansiyaların siqnalları ilə əhatə olunmayan ərazilərində yayımı təmin olunub.
İşğaldan azad edilmiş ərazilərdə bu günədək 7 Radio-Televiziya Yayım Stansiyasının, o cümlədən Qubadlı rayonu ərazisində 2021-ci ilin 25 oktyabr tarixində Xanlıq Radio-Televiziya Yayım Stansiyasının işi bərpa edilib.
Qeyd edək ki, bərpa tədbirləri “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın icrasına uyğun olaraq həyata keçirilir.