...

O şagirdlə bağlı qərar veriləcək - RƏSMİ AÇIQLAMA

Cəmiyyət Materials 20 Fevral 2024 14:53 (UTC +04:00)
O şagirdlə bağlı qərar veriləcək - RƏSMİ AÇIQLAMA
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Paytaxtdakı 156 nömrəli tam orta məktəbin XI sinif şagirdi olan qızın (müvafiq səbəblərə görə adı qeyd olunmur) 2023-cü ildə məktəbin IX sinfindən məzun olmuş qıza qarşı məktəbdən kənarda etdiyi hərəkətlərlə bağlı Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini, Agentliyin Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri vəzifəsini müvəqqəti icra edən Mehriban Vəliyeva, Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri Günel Səfərova təhsil müəssisəsində olub, məktəb rəhbərliyi, psixoloq, sinif rəhbərinin iştirakı ilə müəllim və şagirdlərlə görüşüb.

Bu barədə Trend-ə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.

Bildirilib ki, məktəb kollektivi ilə keçirilən görüşdə uşaqlara həssas yanaşma və onların təhlükəsizliyinin təmin edilməsinin əsas hədəflərdən biri olduğu nəzərə çatdırılıb:

"Təhsilalanlar arasındakı münasibətlərin düzgün tənzimlənməsi, məktəblilərin psixoloji vəziyyətinin nəzarətdə saxlanılması, valideyn məsuliyyətinin artırılması və şagird davranış qaydalarına nəzarətin daha da gücləndirilməsi məktəb kollektivinə tapşırılıb.

Hüquq-mühafizə orqanları tərəfindən aparılan araşdırmanın nəticələri əsasında həmin şagirdlə bağlı uyğun qərar veriləcək".

Qeyd edək ki, paytaxtdakı 156 nömrəli tam orta məktəbin XI sinif şagirdinin 2023-cü ildə məktəbin IX sinfindən məzun olmuş qıza qarşı məktəbdən kənarda etdiyi uyğunsuz hərəkətlərin görüntüləri yayılıb.

DİN-in yaydığı məlumata görə, qıza qarşı uyğunsuz hərəkət edən şagirdlə bağlı məsələ nəzarətə götürülüb. İş üzrə ekspertiza təyin olunub. Əməldə xuliqanlıq cinayətinin tərkib əlamətləri olduğuna görə fakt üzrə cinayət işi qaldırıləb. İstintaq hərəkətləri davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti