...

III Bakı Elm Olimpiadası keçiriləcək

Cəmiyyət Materials 24 Fevral 2024 07:10 (UTC +04:00)
III Bakı Elm Olimpiadası keçiriləcək

Bakı. Trend:

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrinin şagirdləri arasında III Bakı Elm Olimpiadası keçiriləcək.

Bu barədə Trend-ə BŞTİ-dən məlumat verilib. BŞTİ və Bakı Ali Neft Məktəbinin birgə təşkilatçılığı ilə keçirilən olimpiadanın əsas məqsədi şagirdlərin təbiət elmlərinə (fizika, kimya, biologiya) olan marağını daha da artırmaq, bu sahədə nəzəri-təcrübi biliklərini təkmilləşdirmək, onların praktik və yaradıcılıq bacarıqlarının inkişaf etdirilməsinə şərait yaratmaq, istedadlı şagirdləri aşkar etməkdən ibarətdir.

Olimpiada 9-cu və 10-cu sinif şagirdləri arasında iki mərhələdə təşkil olunacaq. Birinci mərhələdə iştirak edəcək komandalar fevralın 29-dək elektron qeydiyyatdan keçməlidirlər.

Martın 9-da keçiriləcək olimpiadanın I mərhələsində ən yüksək nəticə göstərən 24 komanda olimpiadanın II-final mərhələsində iştirak üçün vəsiqə qazanacaq.

Birinci mərhələdə iştirakçılar 3 saat ərzində hər fənn üzrə 15 sualdan (ümumilikdə 45 sual) ibarət test tapşırıqlarını, final mərhələsində isə 3 saat ərzində hər fənn üzrə 5 qapalı və 1 açıq tipli tapşırığı (ümumilikdə 15 qapalı və 3 açıq tipli tapşırıq) və növbəti 3 saat ərzində hər fənn üzrə 1 təcrübə işini (ümumilikdə 3 təcrübə işi) yerinə yetirməlidirlər.

Qaliblərə BŞTİ tərəfindən diplom, medal və hədiyyələr təqdim ediləcək. Həmçinin final mərhələsinə keçən komandalar arasından ən yüksək bal toplayan komandalar və şagirdlər diplomla təltif olunacaq.

Xəbər lenti

Xəbər lenti