Bakı. Trend:
Artıq 4 ildir ki, gender bərabərliyi ilə bağlı qanunun yerinə yetirilməsi ilə bağlı məlumatlar toplayırıq.
Trend xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova Azərbaycan Standartlaşdırma İnstitutu tərəfindən keçirilən “Standartlaşdırmada gender bərabərliyi” adlı tədbirdə çıxışı zamanı deyib.
S.Qəhrəmanova qeyd edib ki, gender bərabərliyi dedikdə bəzən qadınların hüquqları başa düşülür, amma belə deyil, burada həm də kişilərin hüququları nəzərdə tutulur.
“Misal üçün, təhsil sahəsində qadınların xeyrinə olan gender bərabərsizliyi var. Yəni bərabərsizlik tək qadınlara şamil olunmur”, - deyə S.Qəhrəmanova əlavə edib.
Qeyd edək ki, “Standartlaşdırmada gender bərabərliyi” mövzusunda tədbir keçirilib. Tədbirdə Azərbaycan Standartlaşdırma İnstitutunun Baş direktoru İlham Bayramov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Səadət Qəhrəmanova, Milli Məclisinin deputatı, Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin üzvi Sevil Mikayılova, Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının sədri Səkinə Babayeva və digər şəxslər iştirak ediblər.