Bakı. Trend:
Azərbaycanın aparıcı maliyyə institutu “PAŞA Bank” tərəfindən 5
mart tarixində ölkəmizin paytaxtında “İqtisadiyyatın və Cəmiyyətin
Dayanıqlı İnkişafında Qadınların Rolu” adlı beynəlxalq konfrans
keçirilib. Tədbirin tərəfdaşı qismində “Women in Tech” təşkilatı və
Birləşmiş Millətlər Təşkilatının (BMT) İnkişaf Proqramının
Azərbaycandakı nümayəndəlikləri çıxış edib.
8 Mart - Beynəlxalq Qadınlar Gününə həsr olunmuş konfransda dəvət
edilmiş Milli Məclisin, İqtisadiyyat Nazirliyinin, BMT İnkişaf
Proqramının (BMT İP) və BMT Qlobal Sazişinin Azərbaycandakı
nümayəndəliklərinin, Dünya Bankının, “PAŞA Bank”ın və başqa
qurumların təmsilçiləri Azərbaycanda gender bərabərliyinin
qorunması, lider qadınların ölkəmizin dayanıqlı inkişafında rolu və
bu istiqamətdə onların dəyərli töhfələrini geniş müzakirə ediblər.
Tədbirdə çıxış edən beynəlxalq və yerli məruzəçilər, panel
müzakirələrinin iştirakçıları Azərbaycanın və digər ölkələrin
iqtisadiyyatında qadınların mövqeyi, regionda və dünyada yeni
çağırışlar fonunda onların cəmiyyətin mənafeyini gücləndirən
töhfələrinə dəstək mexanizmləri barədə fikir mübadiləsi
aparıblar.
“PAŞA Bank”ın idarə heyəti sədrinin müavini Bəhruz Nağıyev konfransın açılış mərasimində çıxış edərək, təmsil etdiyi qurumun biznesdə gender bərabərliyi məsələsinə böyük diqqət ayırdığını bildirib.
“Azərbaycanın aparıcı korporativ bankı “PAŞA Bank” xanımların peşəkar bilik və karyera irəliləyişinə, eləcə də sahibkarlıq fəaliyyətində qadın və kişilərə bərabər iş imkanlarının yaradılmasına xüsusi önəm verir. BMT Qlobal Sazişinin iştirakçısı kimi, biz bir sıra layihələri müvəffəqiyyətlə həyata keçiririk. Bugünkü konfrans çərçivəsində xanım liderləri bir araya gətirməklə, “PAŞA Bank”ın məqsədi qadın sahibkarlığına və iqtisadiyyatımızın dayanıqlı inkişafına yönəlik yeni biznes imkanlarına dair geniş fikir mübadiləsi aparmaqdır”, - deyə, B. Nağıyev vurğulayıb.
Öz növbəsində, BMT İnkişaf Proqramının Azərbaycandakı rezident nümayəndəsinin səlahiyyətlərini icra edən xanım Alessandra Rokkasalvo qeyd edib ki, 2011-ci ildən etibarən, müxtəlif donor təşkilatlar tərəfindən maliyyələşdirilən fərqli layihələr çərçivəsində, BMT İP hökumət strukturları ilə sıx əməkdaşlıq edərək 2500-dən çox qadına dəstək olub.
“Biz qadınların bilik və bacarıqlara yiyələnməsi üçün çoxsaylı fürsətlər təmin etmişik. BMT İP yeni bizneslərin qurulmasına dəstək olmuş, qadınların Azərbaycanda sosial və iqtisadi imkanlarının artırılmasına əhəmiyyətli töhfə vermişdir”, - deyə, Rokkasalvo bildirib.
Qeyd edək ki, “PAŞA Bank” tərəfindən keçirilən beynəlxalq konfransa 100-dən artıq iştirakçı qatılıb. Bank beynəlxalq təşkilatlar, dövlət və özəl sektor arasında dialoqu gücləndirərək, qadın sahibkarlığı və qadın liderliyinə maneələrin aradan qaldırılmasına bu kimi töhfələr verməyə davam edəcək.