...

Azad edilmiş ərazilərdəki "gizli düşmənlər" - Əhaliyə ÇAĞIRIŞ

Cəmiyyət Materials 3 Aprel 2024 15:35 (UTC +04:00)
Azad edilmiş ərazilərdəki "gizli düşmənlər" - Əhaliyə ÇAĞIRIŞ
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Ermənistan silahlı qüvvələri 44 günlük müharibədən əvvəlki dönəmdə və sonra geri çəkilərkən ərazilərimizi minalayıb.

Bunu Trend-ə hərbi ekspert Elxan Şıxəliyev deyib.

O qeyd edib ki, ölkə olaraq basdırılmış minaların fəsadlarını bu gün də yaşamaqdayıq:

"Dünən mina partlayışı baş verən ərazilər keçmişdə "Ohanyan səddi"nə daxil idi. Bu ərazilər 44 günlük müharibənin başlanğıcına qədər səddin içərisinə düşürdü. "Ohanyan səddi" Ermənistanın hərbi büdcəsinin yarısının xərcləndiyi mühəndis-istehkam qurğularıyla və minalarla döşənilmiş ərazilər idi.

Ermənilərin əsas məqsədi Azərbaycanın mümkün ola biləcək əməliyyatlarının qarşısını almaq idi. Lakin bunu bacarmadılar. Suverenliyimiz bərpa olunsa da, minaların acı nəticələri ilə qarşılaşırıq. Dolayısı ilə düşmən müharibəni bizimlə bu hissədə davam etdirir. Vətəndaşlarımız həlak olur və yaralanır.

Minatəmizləmə ilə məşğul olan dövlət qurumları maksimum çalışsalar da, minaların həmin ərazilərdən tez bir zamanda təmizlənməsi mümkün deyil. Çünki ermənilər iki mərhələdə əraziləri minalayıblar. Birinci mərhələdə düşmən 1994-cü ildə atəşkəs elan edildikdən sonra 2020-ci il sentyabrın 27-dək olan müddətdə "Ohanyan səddi" adlanan keçmiş təmas xəttində minalanma fəaliyyətləri həyata keçirib. Həmin vaxtda minalama planlı şəkildə olub. İkinci mərhələdə isə Laçın, Kəlbəcər və Ağdamdan geri çəkilərkən minalayıblar. Bu zaman minalama kortəbii şəkildə həyata keçirilib".

Ekspert qeyd edib ki, vətəndaşlarımız azad edilmiş torpaqlarımızda minalardan və partlamamış sursatlardan ehtiyatlı olmalıdırlar.

"Bununla bağlı dövlət qurumları, QHT-lər daima maarifləndirmələr aparır. Bütün bunlara baxmayaraq, bəzi vətəndaşlarımızın minalı ərazilərə girdiyini, partlayış nəticəsində yaralandığını və həlak olduğunu görürük. Qadağan edilmiş ərazilərə daxil olmamalıdırlar. Bütün bunları nəzərə alaraq, vətəndaşlarımızı ehtiyatlı olmağa çağırırıq", - deyə o vurğulayıb.

Qeyd edək ki, dünən Tərtər rayonunun Çaylı kəndi ərazisində mina hadisəsi baş verib. 1969-cu il təvəllüdlü İsmayılov Polad Alış oğlu, 1992-ci il təvəllüdlü Tağızadə Arzuman Əhliman oğlu və 2006-cı il təvəllüdlü Bağırov Elmir Elnur oğlu keçmiş təmas xəttində, minalardan təmizlənməmiş ərazidə heyvan otararkən baş verən mina partlayışı nəticəsində xəsarət alıb.

Bundan başqa, dünən Ağdam rayonunun işğaldan azad edilmiş Sarıcalı kəndi ərazisində mina təmizləmə işləri aparan Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı 1987-ci il təvəllüdlü Əliyev Xəyyam Qəmbər oğlu mina partlayışı nəticəsində xəsarət alıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti