Bakı. Trend:
29 iyul-14 sentyabr tarixlərini əhatə edən 2024/2025-ci tədris ili üzrə peşə təhsil müəssisələrinə tələbə qəbulu 24821 nəfərin qəbul olunması ilə başa çatıb. Qəbul olunan tələbələrin 85%-i dövlət sifarişi əsasında, 15%-i isə ödənişli əsaslarla təhsil almağa başlayıb.
Bu barədə Trend-ə Peşə Təhsili üzrə Dövlət Agentliyindən məlumat verilib.
Qeyd edilib ki, 2024/2025-ci tədris ili üzrə tələbə qəbulu 84 peşə təhsili müəssisəsində 136 ixtisas üzrə aparılıb.
"İlk dəfə olaraq bu il Naxçıvan Muxtar Respublikasında tələbə qəbulu elektron şəkildə həyata keçirilib və 453 nəfər qəbul olub. Bu il peşə təhsili müəssisələrinə qəbul olanların 36%-ni qadınlar təşkil edir. Müraciət edənlərin orta yaşı 22, ən aşağı yaş 14, ən yüksək yaş isə 69 olub. Dual peşə təhsili proqramı üzrə 1247 nəfər, yüksək texniki peşə təhsili səviyyəsi üzrə isə 2453 nəfər qəbul olunub. Həmçinin, 74 nəfər ali təhsilli, 244 nəfər orta ixtisas təhsilli şəxs, 66 nəfər xarici vətəndaş peşə təhsili müəssisələrinə qəbul olunub.
Yeni tədris ilində peşə təhsilində 9 yeni ixtisas tədris olunacaq. Bunlar pilotsuz uçuş aparatlarının texniki xidməti və təmiri üzrə texnik, kargüzarlıq və ofis xidmətləri üzrə mütəxəssis, qida və içki üzrə mütəxəssis, elektrik və hibrid avtomobillərin təmiri, nəqliyyat sistemlərinin texniki istismarı (hava nəqliyyatı üzrə), alternativ enerji qurğu və avadanlıqlarının istismarı, günəş panelləri quraşdırıcısı və təmirçisi, tibbi avadanlıqların təmiri və xidməti, elektromexaniki suvarma maşınları və nasos qurğuları maşinisti ixtisaslarıdır.
Ən çox tələbat olan ixtisaslar arasında aşpaz, bərbər-vizajist-manikürçü, əməliyyatçı-mühasib, qrafik dizayner, mühasibat uçotu, elektrik qaz qaynaqçısı, elektrik avadanlıqlarına xidmət və təmir üzrə elektrik montyoru, telekommunikasiyada kompüter texnikasının istismarı üzrə operator, kompüter şəbəkələri və şəbəkə inzibatçılığı, veb dizayn və proqram təminatı ixtisasları yer alır.
2024/2025-ci tədris ilindən etibarən Bakı şəhərində yerləşən peşə təhsili müəssisələrində ilk dəfə olaraq iki növbəli təhsilə keçilib. Bununla bağlı təhsil proqramları üzrə müvafiq tədris planlarında dəyişikliklər edilib", - deyə əlavə edilib.