Bakl. Trend:
Artıq bu gün Böyük Qayıdışın 9-cu ünvanı olaraq Cəbrayıla ilk köç karvanı yola salınır.
Trend-in məlumatına görə, bunu Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, bu gün biz hamılıqla Azərbaycan xalqı olaraq 44 günlük Vətən Müharibəsində qazanılmış və ötən il anti-terror əməliyyatında qazanılmış və ölkəmizin suverenliyini tam bərpa etmiş zəfərin məntiqi nəticəsi olaraq böyük qayıdışın sevincini, qürurunu və fəxarətini yaşamaqdayıq. Ölkəmizdə böyük qayıdışa birinci dövlət proqramı uğurla icra olunmaqdadır. İşğaldan azad edilmiş ərazilərdə sözlə ifadə edilməyəcək tərzdə geniş miqyaslı iri və bərpa və yenidənqurma fəaliyyətləri aparılmaqdadır. Sosial texniki infrastruktur yaradılır. Əhalinin dayanıqlı yerləşdirilməsi üçün tədbirlər görülür. Bu günədək Qarabağın və Şərqi Zəngəzurun 8 yaşayış məntəqəsinə, o cümlədən 4 şəhər (Şuşa, Laçın, Füzuli və Xocalı) və 4 kəndə (Laçın rayonunun Sus, Zabux, Tərtər rayonunun Talış və Zəngilan rayonunun Ağalı kəndi) keçmiş məcburi köçkünlərin qayıdış və dayanıqlı məskunlaşdırılmasına start verilib.
Bu gün biz daha bir tarixi əlamətdar gün yaşayırıq. Artıq böyük qayıdışın 9-cu təyinat ünvanı Cəbrayıl rayonunun mərkəzi, Cəbrayıl şəhərinə ilk köç karvanı yola salınır.
Bu günlər Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində inşa edilmiş 33 binadan, 6 məhəllədən ibarət 712 mənzilli yaşayış kompleksi öz sakinlərini qəbul etməyə artıq hazırdır. İlkin olaraq 117 ailə arasında mənzil bölgüsünə dair püşkatma keçirilib. Bu gün həmin 117 ailənin 1-ci qrupu 36 ailə öz doğma el-obasına qayıdır", -deyə o qeyd edib.