...

Bazeldə Azərbaycan musiqiçilərinin konserti olacaq (FOTO)

Cəmiyyət Materials 10 Oktyabr 2024 18:08 (UTC +04:00)
Bazeldə Azərbaycan musiqiçilərinin konserti olacaq (FOTO)
Vüqar İmanov
Vüqar İmanov
Bütün xəbərlər

Bakı. Trend:

İsveçrənin Bazel şəhərindəki Müqəddəs Ruh kilsəsində Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Azərbaycan musiqiçilərinin orqan musiqisi konserti keçiriləcək.

Bu barədə Trend-ə konsertin təşkilatçıları tərəfindən bildirilib.

Konsertdə kamança və orqanda Azərbaycan bəstəkarlarının əsərləri səsləndiriləcək. Kamançada Prezident təqaüdçüsü, respublika və beynəlxalq müsabiqələr laureatı Mədinə Şahgəldiyeva, orqanda isə müxtəlif yerli və beynəlxalq tədbirlərin, konsertlərin iştirakçısı Şəfəq Abdullayeva çıxış edəcək.

Azərbaycanda kamança klassik və folklor musiqisinin əsas elementlərindən biridir və onun ifası bir çox ictimai və mədəni tədbirlərdə mərkəzi yer tutur. Kamança Azərbaycan musiqi mədəniyyətinin ayrılmaz hissəsidir, onu hazırlayan sənətkarlar öz sənətini icmalarının qeyri-maddi mədəni irsinin mühüm hissəsi kimi qəbul edirlər.

Kamança Azərbaycan muğamının ifasında əvəzsizdir, bu muğamın ifası üçün üç musiqiçidən ibarət ansambl tələb olunur. Bu simli musiqi alətindən gələn ürəkaçan musiqi dünyanı fəth edib. Məlumdur ki, "Kamança simli musiqi alətinin istehsalı və ifaçılıq sənəti" UNESCO-nun qeyri-maddi mədəni irsinin Nümayəndəlik siyahısına daxildir.

Orqan musiqisi dinləyicini dərinliklərə qərq edə bilən güclü və emosional bir musiqi növüdür. Orqan müxtəlif səs effektləri və əhval-ruhiyyə yaratmağa qadirdir, bu da insanın emosional vəziyyətinə güclü təsir göstərir. Orqan eyni anda bir neçə melodiya və harmoniya ifa edə bilir, bu da mürəkkəb və maraqlı kompozisiyaların yaradılmasına imkan tanıyır. O, öz unikalığı və yaratdığı müxtəlif səslərlə seçilir.

Bu iki alətin birləşməsi gənc musiqiçilərin istedadı və tədbirin keçirildiyi yer axşamı unudulmaz edəcək.

Qeyd edək ki, son 30 ildə Müqəddəs Ruh kilsəsində hər il Fortepiano-Orqan Musiqi Festivalı (Klavier Orgel Festival) keçirilir və bu məkanda musiqi həvəskarları toplaşırlar.

Xəbər lenti

Xəbər lenti