Bakı. Trend:
Biz artıq növbəti illərdə qəbul planında artımla bərabər, optimallaşdırmalara da gedəcəyik.
Trend “Azərbaycan müəllimi” qəzetinə istinadən xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyinin Elm və ali təhsil siyasəti şöbəsinin müdiri Turxan Süleyman "Ali təhsil müəssisələrinə tələbə qəbulu: təhlil və proqnozlaşdırma" mövzusunda keçirilən tədbirdə çıxışında deyib.
O qeyd edib ki, 50 ali təhsil müəssisəsi (2-i xarici ali təhsil müəssisəsinin filialı olmaqla) üzrə bakalavriat səviyyəsinə qəbul planı cari tədris ili üçün 62.017 yer olaraq müəyyənləşdirilib, planın 95%-i (59.026 nəfər) üzrə isə faktiki qəbul baş tutub.
Magistratura səviyyəsində isə 16.568 plan yerinə 14.104 nəfər (85% qəbul faizi) qəbul olub.
"Dövlət sifarişli yerlərin sayının artırılması ilə bağlı islahatlardan bəhs edən Turxan Süleyman ümumi qəbul planının təxminən 50%-nin dövlət sifarişli yerlər olduğunu vurğulayıb. Bu da o deməkdir ki, hazırda qəbul olan hər iki tələbədən biri ödənişsiz əsaslarla təhsil almaqdadır", - deyə o bildirib.
Turxan Süleyman cari ildə doktorantura (fəlsəfə doktoru) səviyyəsi üzrə 659 qəbul planının təqdim edildiyini və faktiki qəbul olanların sayının 480 nəfər olduğunu bildirib. Əlavə olaraq qeyd edib ki, prosesin əvvəlindən aparılan düzgün tənzimləmələr nəticəsində bu il ilk dəfə olaraq ali təhsil müəssisələrinin doktorantura proqramına qəbul olan bütün namizədlər dövlət hesabına təhsil alacaqlar.
O, təqdimatın yekununda ali təhsil pilləsi üzrə qəbul planı və faktiki qəbul olanların nisbətinə də toxunub:
“Cari ildə bakalavriat (əsas (baza ali) tibb təhsili), magistratura (rezidentura) və doktorantura səviyyələri üzrə ümumilikdə 80.000 qəbul planı verilib. Tələbə adını qazananlar isə təxminən 74.000 nəfərdir. Növbəti illərdə qəbul planının daha da optimallaşdırılması istiqamətində işlər görməliyik. Bu da ciddi araşdırma və təhlil tələb edən məsələdir”.
Turxan Süleyman əlavə edib ki, “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda 2026-cı ilə qədər bakalavriat səviyyəsində qəbul planının 75 min olması hədəf kimi müəyyənləşdirilib, lakin artıq bu il biz bu hədəfə yaxınıq. Bu, o deməkdir ki, biz artıq növbəti illərdə qəbul planında artımla bərabər, optimallaşdırmalara da gedəcəyik.