...

"Yer Kürəsi Uşaqların Gözü ilə" beynəlxalq fotomüsabiqəsi elan edilib

Cəmiyyət Materials 23 Oktyabr 2024 17:53 (UTC +04:00)
"Yer Kürəsi Uşaqların Gözü ilə" beynəlxalq fotomüsabiqəsi elan edilib
Əli Qasımov
Əli Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Leyla Əliyeva, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri, “Yer Kürəsi Uşaqların Gözü ilə” adlı beynəlxalq fotomüsabiqəni elan edib.

İctimai Birliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, fotomüsabiqə BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) həsr olunub.

Layihə dünyaşöhrətli fotoqraf, "Reza Visual Academy"nin təsisçisi Reza Deqatinin iştirakı ilə həyata keçirilir.

“Yer Kürəsi Uşaqların Gözü ilə” yalnız fotomüsabiqə deyil, həm də gələcək nəsli ətraf mühit haqqında maarifləndirməyə və bu sahədə fəaliyyət göstərməyə dəvət edən bir çağırışdır. Müsabiqəyə dünyanın müxtəlif yerlərindən 18 yaşına qədər olan uşaqlar və yeniyetmələr təbiətin gözəllikləri, çirklənmə və iqlim dəyişikliyinin yaratdığı problemlərlə bağlı fərqli baxışlarını fotolar vasitəsilə təqdim etməyə dəvət olunur.

“Mən təbiəti sevirəm, çirklənmədən qorxuram” devizi altında keçirilən müsabiqə, gəncləri ətraf mühitə olan sevgilərini və planetimizin gələcəyi ilə bağlı narahatlıqlarını əks etdirən cəlbedici fotoşəkillər çəkməyə təşviq edir.

Qalib fotoşəkillər COP29 çərçivəsində noyabrın 11-dən etibarən Bakıda Heydər Əliyev Mərkəzində sərgilənəcək.

Xatırladaq ki, əvvəlki “Yer Kürəsi Uşaqların Gözü ilə” beynəlxalq fotomüsabiqəsi gənc fotoqrafların bədii istedadlarını nümayiş etdirərək qlobal diqqət cəlb edib, fotoqrafiyanın maarifləndirmə və sənət sahələrini unikal və effektiv formada birləşdirən rolunu göstərib.

Müsabiqə gənclərə ətraf mühitin mühafizəsində mövqe tutmağı və fotoqrafiyanın universal dili ilə dəyişikliklərə ilham verməyi hədəfləyir.

Təcrübə və bacarıq səviyyəsindən asılı olmayaraq, bütün ölkələrdən 18 yaşına qədər uşaqlar və yeniyetmələr müsabiqədə iştirak etmək üçün mövzuya uyğun 1-dən 20-dək fotoşəkil (şəkillərin kontekstini və mövzu ilə əlaqəsini təsvir edən qısa izah ilə) təqdim edə bilərlər.

Müraciət üçün son tarix oktyabrın 31-dir.

Münsiflər heyəti fotoşəkilləri yaradıcılıq, mövzuya uyğunluq, düşüncə və emosiya oyatmaq qabiliyyəti əsasında qiymətləndirəcək. Qaliblər qlobal tanınma imkanı ilə yanaşı, sənət nailiyyətlərinə görə SRL kameralar qazanacaqlar.

Təqdimatlar müsabiqənin rəsmi internet səhifəsi vasitəsilə onlayn verilə bilər.

Daha ətraflı məlumat üçün https://childreneyes.earth veb-saytına daxil ola bilərsiniz.

Sosial media hesabları: Instagram: @childrenseyesonearth; Facebook: @childrenseyesonearth

Əlaqə: [email protected]

Xəbər lenti

Xəbər lenti