...

Minatəmizləmə fəaliyyətində keyfiyyətə nəzarət halları müəyyənləşdirilir

Cəmiyyət Materials 13 Dekabr 2024 11:08 (UTC +04:00)
Minatəmizləmə fəaliyyətində keyfiyyətə nəzarət halları müəyyənləşdirilir
Əli Qasımov
Əli Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Minatəmizləmə fəaliyyətində keyfiyyətə nəzarət halları müəyyənləşdirilir.

Trend-in məlumatına görə, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Minatəmizləmə fəaliyyəti haqqında” qanun layihəsində əksini tapıb.

Layihədə qeyd edilir ki, minatəmizləmə fəaliyyətinin keyfiyyətinə nəzarət çərçivəsində tələblərdə və standart əməliyyat prosedurlarında nəzərdə tutulmuş qaydada həmin fəaliyyətin monitorinqi və təhlükəli ərazilərin təmizləmə keyfiyyətinin qiymətləndirilməsi həyata keçirilir.

Keyfiyyətə nəzarət zamanı icraçı tərəfindən tələblərin və standart əməliyyat prosedurlarının pozulması halı aşkar edildikdə səlahiyyətli qurum icraçıdan pozuntunun aradan qaldırılmasını tələb edir.

İcraçı 15 (on beş) gün müddətində bu Qanunun 8.2-ci maddəsində nəzərdə tutulmuş pozuntunun aradan qaldırılmasını təmin etməli və bununla bağlı görülmüş işlərə dair səlahiyyətli quruma rəsmi qaydada məlumat verməlidir.

Səlahiyyətli qurumun pozuntunun aradan qaldırılmasına dair tələbi icra edilmədikdə və ya bu Qanunun 8.3-cü maddəsinə uyğun olaraq məlumat verilmədikdə, icraçının təhlükəli ərazidəki fəaliyyəti həmin pozuntular aradan qaldırılanadək səlahiyyətli qurum tərəfindən dayandırılır.

Minatəmizləmə fəaliyyəti tamamlanmış ərazilər səlahiyyətli qurum tərəfindən təmizləmə keyfiyyətinin qiymətləndirilməsi aparıldıqdan sonra tələblərə uyğun olaraq rəsmiləşdirilir.
Minatəmizləmə fəaliyyəti zamanı aşkar edilmiş odlu silah və onun əsas hissələri, habelə təhlükəli maddələr, səlahiyyətli qurum sifarişli poçt göndərişi vasitəsilə və ya elektron qaydada məlumatlandırılmaqla, icraçı tərəfindən akt əsasında dərhal müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) təhvil verilir.

Minatəmizləmə fəaliyyəti zamanı aşkar edilən əşyanın mədəni və ya tarixi əhəmiyyətə malik olması ehtimalı olarsa, həmin ərazidə işlər dayandırılır və əraziyə kənar şəxslərin daxil olmasının qarşısının alınması təmin edilməklə icraçı tərəfindən dərhal bu barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) sifarişli poçt göndərişi vasitəsilə və ya elektron qaydada məlumat verilir.

Minatəmizləmə fəaliyyəti zamanı insan meyiti (meyit hissələri) və ya qalıqları aşkarlandıqda həmin ərazini qorumaq şərtilə icraçı tərəfindən bu barədə dərhal aidiyyəti hüquq mühafizə orqanlarına rəsmi qaydada məlumat verilir.

Minatəmizləmə fəaliyyəti həyata keçirilmiş ərazilər və bu zaman aşkar edilmiş partlayıcı sursatlar barədə məlumatlar bu Qanunun 9.2-ci maddəsinə uyğun olaraq bu Qanunun 9.1-ci maddəsində nəzərdə tutulan informasiya sisteminə daxil edilməlidir.

Səlahiyyətli qurum tərəfindən təhlükəli ərazilərdə minatəmizləmə fəaliyyəti bu Qanunun 6.2-6.12-ci maddələrinin tələbləri nəzərə alınmaqla fəaliyyət planı əsasında həyata keçirilir.

Müzakirələrdən sonra dəyişiklik səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

Xəbər lenti

Xəbər lenti