Bakı. Trend:
Prezident İlham Əliyevin imzaladığı "Əmək pensiyalarının indeksləşdirilməsi haqqında" sərəncamla bütün pensiyalar indeksləşdirilərək artırıldı.Qanunvericiliyə əsasən, vahid indeksasiya sistemi bütün əmək pensiyası alan vətəndaşlarımızın pensiya məbləğlərinin hər il yanvar ayında əvvəlki il üzrə orta aylıq əmək haqqındakı artım faizinə uyğun artırılmasını nəzərdə tutur. Bu zaman indeksləşdirmə pensiya məbləğinə tam olaraq şamil edilərək artım hesablanır.
Trend xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı, iqtisadçı Vüqar Bayramov sosial media hesabında yazıb.
O qeyd edib ki, artımın hesablanması formulası belədir:
"Pensiya məbləği X İndeksasiya faizi = Artırılmış məbləğ.
Məsələn, pensiyası 550 manat olan vətəndaşımız üçün artım faizi
belə hesablanacaq: 550 manat X 8.1% = 44.55. Yəni, vətəndaşımızın
pensiya məbləği artımdan sonra 594.55 manat olacaq.Və ya, 400 manat
pensiya alan vətəndaşımız üçün artım belə hesablanır: 400 manat X
8.1 % = 32.4 manat. Bu halda yeni pensiya məbləği 432.4 manat
olacaq. Yəni, məbləğindən asılı olmayaraq hər bir pensiya tam
olaraq indeksasiya faizi nəzərə alınmaqla artırılacaq.
Qeyd edək ki, indeksləşdirmə bütün növ əmək pensiyalarına şamil
olunur. “Əmək pensiyaları haqqında” qanunun 4-cü maddəsinə əsasən,
əmək pensiyalarının 3 növü təsbit olunub. Bunlar yaşa görə əmək
pensiyası, əlilliyə görə əmək pensiyası və ailə başçısını itirməyə
görə əmək pensiyasıdır. Deməli, vətəndaşımız növündən asılı
olmayaraq əmək pensiyası alırsa onun pensiya məbləğinə artım
hesablanacaq".