...

Salyanda Birinci Qarabağ müharibəsinin şəhidi Elşən Tağıyevin nəşinin qalıqları dəfn edilib (FOTO)

Cəmiyyət Materials 7 Fevral 2025 13:18 (UTC +04:00)
Salyanda Birinci Qarabağ müharibəsinin şəhidi Elşən Tağıyevin nəşinin qalıqları dəfn edilib (FOTO)
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Tağıyev Elşən Qubad oğlu Birinci Qarabağ müharibəsində könüllü olaraq Vətənin müdafiəsi üçün döyüşlərə qoşulmuşdu. Füzuli rayonu uğrunda gedən döyüşlərdə itkin düşmüş sayılırdı. 31 ildən sonra şəxsiyyəti dəqiqləşdirilən Elşən Tağıyevin nəşinin qalıqları bu gün doğma yurdu Salyanda torpağa tapşırılıb.

Trend xəbər verir ki, şəhid Elşən Tağıyevin nəşi Salyan sakinləri tərəfindən izdihamla qarşılanıb, doğulub boya-başa çatdığı və ailəsinin yaşadığı evə gətirilib.

Şəhidlə vida mərasimi təşkil olunub, cənazə namazı qılınıb, şəhidlərimizin ruhuna dualar oxunub.

Mərasimdə şəhidin ailə üzvləri ilə bərabər rayon icra hakimiyyətinin rəsmiləri, hüquq mühafizə orqanlarının əməkdaşları, hərbçilər, müharibə iştirakçıları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Vida mərasimindən sonra şəhidin nəşinin qalıqları dəfn üçün Salyanın Seyidsadıqlı kənd qəbiristanlığa gətirilərək, yaylım atəşinin müşayiəti ilə torpağa tapşırılıb. Şəhidin nəşinin büküldüyü üçrəngli Azərbaycan bayrağı qardaşına təqdim olunub.

Qeyd edək ki, Tağıyev Elşən Qubad oğlu 1971-ci ildə Salyanda dünyaya göz açıb. Birinci Qarabağ müharibəsi zamanı könüllü olaraq döyüşlərə qoşulub. 1994-cü ilin yanvarında Füzulinin Şükürbəyli kəndi ərazisində gedən döyüşlər zamanı itkin düşüb. Elşən Tağıyev naməlum şəhid kimi İmişlinin Şəmmədli kənd məzarlığında dəfn edilən şəhidlərimizdən biri olub. Onun şəxsiyyəti dəqiqləşdirilərək aidiyyatı üzrə təhvil verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti