...

Səhiyyə Nazirliyi tərəfindən əhali üçün təşkil edilən tibbi müayinələr ilk dəfə Cəbrayılda (FOTO)

Cəmiyyət Materials 7 Fevral 2025 14:15 (UTC +04:00)
Səhiyyə Nazirliyi tərəfindən əhali üçün təşkil edilən tibbi müayinələr ilk dəfə Cəbrayılda (FOTO)
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

“Böyük Qayıdış” proqramı çərçivəsində Səhiyyə Nazirliyi işğaldan azad olunan ərazilərə köçürülən vətəndaşlar arasında müxtəlif xəstəliklərin aşkarlanması ilə bağlı əhalinin kompleks müayinələrin aparılması, tibbi konsultasiyaların verilməsi və sağlamlıq məmnunluğunun təmin edilməsi məqsədilə silsilə tədbirləri davam etdirir.

Trend xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Nazirliyin təşkilatçılığı ilə keçirilən növbəti belə tədbir fevralın 7-də baş tutub. Aksiya zamanı Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun tibb heyəti tərəfindən ilk dəfə olaraq Cəbrayıl şəhərində sakinlər üçün tibbi xidmətlər göstərilib.

Müayinələr İnstitutun tibbi avadanlıqların tam dəsti ilə xüsusi təchiz olunan Səyyar klinikasında aparılıb. Müxtəlif diaqnostik prosedurlardan başlayaraq, ilkin tibbi yardım göstərməyə qədər istifadə edilən mobil klinikalar modul avadanlıq konsepsiyası sayəsində ucqar ərazilərdə yaşayan əhaliyə tibbi xidmətlərin keyfiyyətini və əlçatanlığını təmin etmək məqsədilə yaradılıb.

Aksiya zamanı ETAXI-nin pulmonoloq, ftiziatr, allerqoloq, kardioloq, radioloq, rentgenoloq və laboratoriya həkimi tərəfindən müxtəlif instrumental-diaqnostik üsullardan istifadə edərək, döş qəfəsi orqanlarının flüoroqrafiyası, Elektrokardioqrafiya, Exokardioqrafiya, spirometriya, USM müayinəsi və qan analizlərinin öyrənilməsi həyata keçirilib.

Müayinələr nəticəsində səhhətində problem aşkarlanan şəxslərə tibbi məsləhətlər verilib və müvafiq müalicə təyin olunub.

Aksiya zamanı 300-ə yaxın Cəbrayıl sakini müayinələrdən keçib.

Tədbirdən sonra maarifləndirici aksiya təşkil olunub.

Təqdimatlarla çıxış edən İnstitutun əməkdaşları qeyd ediblər ki, aksiyanın məqsədi işğaldan azad edilən ərazilərdə məskunlaşan əhali üçün mütəmadi qaydada səyyar tibbi müayinələrin keçirilməsi yolu ilə əhalinin sağlamlığını yaxşılaşdırmaqdır. Eyni zamanda, tədbir Cəbrayılın sakinlərinin sağlamlığının qorunmasında dəstək və yardım göstərməsi, habelə ağciyər sağlamlığının əsas aspektləri və profilaktik tədbirlər haqqında maarifləndirmə məqsədini daşıyır.

Həmçinin, tədbirdə yerli əhaliyə ağciyər xəstəlikləri və profilaktikası haqqında faydalı məlumatlar verilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Qeyd edək ki, Səhiyyə Nazirliyi tərəfindən işğaldan azad olunan digər ərazilərdə də davamlı olaraq maarifləndirici tədbirlərin və müayinə aksiyalarının keçirilməsi nəzərdə tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti