Bakı. Trend:
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Nərimanov rayonunun Bakı-Batumi küçəsində yerləşən, fiziki şəxs Rüstəmova Sevinc Hüseyn qızına məxsus dənli bitkilərin və yarmaların qablaşdırılması müəssisəsində yoxlama aparıblar.
Trend xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb.
Bildirilib ki, müəssisənin qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi və obyektdə emal zamanı normativ tələblərin pozulduğu aşkarlanıb.
Yoxlama zamanı “Ruzum” əmtəə nişanlı məhsulların etiket məlumatlarında bir sıra nöqsanlar müəyyən edilib. Məhsulun qida və enerji dəyəri, yararlılıq müddəti, istehsalçısı barədə yanlış məlumatlar qeyd edilib. Müəssisənin fəaliyyəti dayandırılıb, rəhbərliyi barəsində inzibati protokol tərtib edilib.