Bakı. Trend:
Xəzər dənizində qazma işləri zamanı ətraf mühitin mühafizəsi fərdi yanaşma tələb edir.
Trend xəbər verir ki, bunu Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Ekspertiza Agentliyinin layihələrin və təbiətin mühafizəsi üzrə normativ sənədlərin ekspertizası şöbəsinin baş məsləhətçisi Könül Əhmədsoy Bakıda keçirilən IADC Drilling Caspian 2025 konfransında bildirib.
“Bizim ölkədə aparılan əməliyyatlara biz son dərəcə ehtiyatla yanaşırıq. Bəzən əməliyyatçılar Şimal dənizində, Meksika körfəzində və ya İran körfəzində tətbiq olunan standartlara və ya texnologiyalara istinadlar edirlər. Hərçənd Xəzərin hekayəsi tam fərqlidir. Xəzər qapalı su hövzəsidir. Bilirsiniz, bu metodlar, o cümlədən, ətraf mühitin qorunması üzrə açıq dənizlərdə, okeanlarda tətbiq olunan ölçülər heç də hər zaman Xəzər dənizi üçün münasib olmur”, - deyə o bildirib.
Ekspertin sözlərinə görə, Xəzərin ekoloji problemləri onun endemik mənşəli biologiyası və özünübərpa üçün imkanlarının məhdud olması ilə daha da dərinləşir. Uzun illər ərzində regionda intensiv şəkildə neft və qaz hasilatının aparılması ətraf mühitə əhəmiyyətli dərəcədə mənfi təsir göstərib, belə ki, bu işlər insanlar hələ bu kimi fəaliyyətlərin ekoloji baxımdan nə dərəcədə təhlükə yarada biləcəyinin fərqinə varmazdan əvvəl aparılmağa başlayıb.
Ekspert Azərbaycanın neft-qaz sektorunda uzunmüddətli tərcrübəsinin olduğunu və ölkənin qazma sahəsində təcrübəsi olan aparıcı ölkələrdən sayıldığını vurğulayıb.
Son zamanlar təhlükəsizlik və ətraf mühitin mühafizəsi kimi məsələlər qazma sahəsində prioritetə çevrilib.
Əhmədsoyun sözlərinə görə, Azərbaycanda fəaliyyət göstərən şirkətlər ətraf mühitin qorunmasına daha çox diqqət ayırmağa başlayıb.
“İnkişaf dayanıqlı olmalıdır. Neft və qaz hasilatı zamanı ətraf mühitin çirklənməsi və məhv olunmasına yol verməmək vacibdir”, - deyə o əlavə edib.
Ekspert, eyni zamanda, Bakıda keçirilən COP29 konfransında əldə olunan nailiyyətlərin əhəmiyyətini və onun qlobal ekoloji siyasətə nə kimi təsir göstərdiyindən söz açıb.