Bakı. Trend:
Müasir təlim texnologiyalarının tədris prosesinə inteqrasiyasının təmin edilməsi, interaktivlik və əlçatanlıq üçün milli onlayn “Rəqəmsal məktəb” təhsil platforması fəaliyyətə başlayıb.
Trend xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb.
Bildirilib ki, ilkin mərhələdə “Rəqəmsal məktəb” platforması Bakı şəhərində yerləşən ümumi təhsil müəssisələrində test rejimində tətbiq edilir. Sözügedən platforma təhsil sistemində müasir texnologiyaların tətbiqi ilə yanaşı tədris və idarəetmə proseslərini təkmilləşdirmək, həmçinin təhsildə şəffaflığı artırmaq məqsədi daşıyır.
Platformada “Şagird”, “Valideyn”, “Müəllim” və “Məktəb rəhbəri” üçün fərdi kabinetlər mövcuddur. Bu da hər bir istifadəçi qrupunun ehtiyaclarına uyğun fərdi funksionallıq təqdim edir. “Rəqəmsal məktəb” platformasından istifadə etmək üçün şagird, valideyn, müəllim və məktəb rəhbərləri istənilən cihazdan www.reqemsal.edu.az və yaxud www.digital.edu.az keçidi vasitəsilə fərdi kabinetlərinə giriş edə biləcəklər.