Bakı. Trend:
İT infrastrukturu fiziki infrastruktur və proqram təminatı olaraq iki hissəyə ayrılır. Fiziki infrastruktur demək olar ki, yekunlaşmaq üzrədir. Proqram təminatının yenilənməsi üçün isə 3-5 il vaxt lazımdır.
Bu sözləri Trend-ə açıqlamasında “Azərpoçt” MMC-nin İdarə Heyəti sədrinin vəzifələrini icra edən İsi Mustafayev bildirib.
O qeyd edib ki, kompüterlərin, printerlərin, avadanlıqların dəyişdirilməsi, şəbəkə avadanlıqlarnın yenilənməsi və s. digər fiziki infrastruktura aid edilən işlər yekunlaşmaq üzrədir. Amma proqram təminatını yeniləmək qısa müddətdə mümkün deyil:
“15 il ərzində işlədilən proqram təminatını bir il ərzində dəyişmək mümkün deyil. İnternet bankçılıq, mobil bankçılıq əvvəl bizim sistemin içərisində idi. Bunları ayrılıqda modul formasında hazırladıq və mövcud sistemin içərisində o funksionallığı söndürdük. Bu il içərisində pul köçürmələri, hesabların açılması və digər funksionallığı da ayrıca modul formasında hazırlayandan sonra funsionallığı mövcud sistemin içərisində söndürəcəyik”.
Transformasiya layihəsi çərçivəsində İT infrastrukturunun modernizasiyasına xarici ekspetlərin cəlb edildiyini bildirən İsi Mustafayev onların da əsas rəylərinin vahid bir sistemin olmasındansa, mikromodullu sistemin olmasının daha düzgün olması istiqamətində olduğunu deyib:
“Buna görə də, mikromodullu sistemə keçidin bundan sonrakı tarix üçün 3-5 il müddətində həyata keçirilməsi planlaşdırılıb. Çünki mövcud funkisonallığı bir-bir tətbiq etmək, hər biri üçün ayrıca modul hazırlanması kifayət qədər resurs və vaxt tələb edir. Bundan əlavə, maliyyə xidmətləri üzrə Mərkəzi Bankın çoxsaylı tələbləri mövcuddur. Həmin tələblərə əməl etmək üçün hazırladığımız modullar içərisində inteqrasiyalar, müəyyən təkmilləşdirmə işləri olmalıdır”.
“Bundan əlavə, yeni modullarla yanaşı, mövcud modulların təkmilləşdirilməsi də müəyyən vaxt tələb edir. Modulun hazırlanması prosesin yekunlaşması demək deyil. Mərkəzi Bankın, müştərilərin və s. bir çox digər tələblər yaranır ki, buna görə də hər zaman bu modulları təkmilləşdirmək məcburiyyəti yaranır. Bu da, əlavə vaxt və resurs tələb edir. Buna görə də, bu proseslər bu qədər uzanır”, - deyə o, əlavə edib.