...

Cəbrayılda Birinci Qarabağ müharibəsinin şəhidi Müşfiq Quliyevin nəşinin qalıqları dəfn edilib (FOTO/VİDEO)

Cəmiyyət Materials 7 Fevral 2025 14:40 (UTC +04:00)
Cəbrayılda Birinci Qarabağ müharibəsinin şəhidi Müşfiq Quliyevin nəşinin qalıqları dəfn edilib (FOTO/VİDEO)
Aslan Məmmədli
Aslan Məmmədli
Bütün xəbərlər

Bakı. Trend:

Quliyev Muşfiq İbrahim oğlu Birinci Qarabağ müharibəsində könüllü olaraq Vətənin müdafiəsi üçün döyüşlərə qoşulmuşdu. Cəbrayılın Mahmudlu kəndi uğrunda gedən döyüşlər zamanı itkin düşmüşdü. 32 ildən sonra şəxsiyyəti dəqiqləşdirilən Müşfiq Quliyevin nəşinin qalıqları işğaldan azad olunan doğma yurdu Cəbrayılın Horovlu kəndində torpağa tapşırılıb.

Trend xəbər verir ki, şəhid Müşfiq Quliyevin nəşi doğulub boya-başa çatdığı Horovlu kəndinə gətirilib.

Şəhidlə vida mərasimi təşkil olunub, cənazə namazı qılınıb, şəhidlərimizin ruhuna dualar oxunub.

Mərasimdə şəhidin ailə üzvləri ilə bərabər Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin Xüsusi nümayəndəliyinin, Cəbrayıl Rayon İcra Hakimiyyətinin rəsmiləri, hüquq mühafizə orqanlarının əməkdaşları, hərbçilər, müharibə iştirakçıları, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Vida mərasimindən sonra şəhidin nəşinin qalıqları yaylım atəşinin müşayiəti ilə torpağa tapşırılıb. Şəhidin nəşinin büküldüyü üçrəngli Azərbaycan bayrağı qardaşına təqdim olunub.

Qeyd edək ki, Quliyev Müşfiq İbrahim oğlu 1971-ci ildə Cəbrayılın Horovlu kəndində dünyaya göz açıb. Orta məktəbi bitirdikdən sonra ali məktəbə qəbul olub. Müşfiq ali məktəbdən həm də leytenant rütbəsi ilə məzun olub. Hərbi komissarlığa müraciət edərək döyüşlərə yollanıb. Onun son döyüş yeri 1993-ci il oktyabrın 16-da Cəbrayılın Mahmudlu kəndi istiqamətində olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti