...

DİM Bakı və Naxçıvanda fəlsəfə doktoru imtahanı keçirir

Cəmiyyət Materials 16 Fevral 2025 08:10 (UTC +04:00)
DİM Bakı və Naxçıvanda fəlsəfə doktoru imtahanı keçirir
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Fevralın 16-da Dövlət İmtahan Mərkəzi (DİM) Bakı və Naxçıvan şəhərlərində doktorantura, dissertantura və adyunkturada təhsil alan və ya təhsilini bitirmiş iddiaçılar üçün xarici dillər üzrə fəlsəfə doktoru imtahanı təşkil edir.

DİM-dən Trend-ə verilən məlumata görə, imtahanda 215 namizədin iştirakı nəzərdə tutulur. Sınaq saat 11:00-da başlayacaq, saat 10:45-də isə binaya giriş başa çatacaq. Bu saatdan sonra gələn iştirakçılar imtahan zalına buraxılmayacaq.

İddiaçılar imtahana şəxsiyyəti təsdiq edən sənədin əsli və imtahana buraxılış vərəqəsi ilə gəlməlidirlər. İmtahan müddətinin ilk 1 saat 30 dəqiqəsi test tapşırıqlarına, son 1 saat 30 dəqiqəsi isə yazılı tapşırıqlara (esse və vizual məlumatın təsviri) ayrılacaq. Test və yazı blokları arasında 15 dəqiqəlik fasilə nəzərdə tutulub.

İmtahan prosesinin təşkilinə 2 imtahan binası, 3 imtahan rəhbəri, 2 ümumi imtahan rəhbəri, 21 nəzarətçi və 3 buraxılış rejimi əməkdaşı cəlb olunub.

Bu gün keçirilən imtahan dörd əsas blokdan ibarətdir: dinləyib-anlama, oxuyub-anlama, dildən istifadə (leksik-qrammatik tapşırıqlar) və yazı. Bu imtahanda iştirak etməyənlər danışıq bloku üzrə sınağa buraxılmayacaq.

Danışıq bloku üzrə imtahan fevralın 19-da təşkil olunacaq. İlk dörd blokdan 30 və daha çox bal toplayan, lakin danışıq imtahanında iştirak etməyən namizədlər şəhadətnamə ala bilməyəcəklər.

Xarici dil və Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanlarında hər bir test tapşırığı bir balla qiymətləndirilir və səhv cavablar nəticəyə təsir etmir. Yazı və danışıq blokları 10 ballıq şkala üzrə dəyərləndirilir. Maksimum 50 bal toplamaq mümkündür. İmtahandan keçmək üçün namizədlər hər blokdan minimum 20 faiz, ümumilikdə isə xarici dil imtahanından azı 30 bal, Azərbaycan dili imtahanından isə azı 25 bal toplamalıdırlar.

Əcnəbi və vətəndaşlığı olmayan iddiaçılar üçün Azərbaycan dili və danışıq bloku üzrə imtahan fevralın 17-də keçiriləcək.

Xəbər lenti

Xəbər lenti