Bakı. Trend:
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvləri- BMT Baş Assambleyasının 73-cü Prezidenti Maria Fernanda Espinosa, Serbiyanın sabiq Prezidenti Boris Tadiç, İsrailin sabiq Baş nazir müavini Tzipi Livni, Ərəb Liqasının sabiq baş katibi Amr Musa, Gürcüstanın sabiq Baş nazir müavini Eka Tkeşelaşvili, eləcə də baş katib Rövşən Muradov və baş məsləhətçi Rza Əliyev 61-ci Münxen Təhlükəsizlik Konfransında (MTK) iştirak ediblər.
Konfrans çərçivəsində Mərkəzin üzvləri MTK-da iştirak edən ölkə və hökumət başçıları, beynəlxqalq təşkilat rəhbərləri ilə bir sıra görüşlər keçiriblər. Moldova Prezidenti Maia Sandu, Ümumdünya Səhiyyə Təşkilatının Baş Direktoru Dr. Tedros Adhanom Qebreyesus, COP29 Prezidenti Muxtar Babayev, Beynəlxalq Enerji Agentliyinin Baş direktoru Fatih Birol, BMT İnkişaf Proqramının administratoru Axim Şteyner, Monqolustanın sabiq Prezidenti Tsaxiagiin Elbeqdorj, Çin Xalq Respublikasının Xarici Əlaqələr Komitəsinin sabiq sədr müavini və sabiq Xarici İşlər nazir müavini Fu Ying və digər BMT təşkilatlarının rəhbərləri ilə baş tutan görüşlərlərdə qlobal çağırışları əhatə edən mühüm müzakirələr aparılıb.
Qeyd edək ki, üç gün davam edən konfransda dünyanın 60-dan çox dövlət və hökumət başçısı iştirak edərək qlobal xarakterli problemləri müzakirə edib və gələcək perspektivləri dəyərləndiriblər.