Bakı. Trend:
Audiovizual Şuranın üzvü İsa Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti 28-29 aprel, 2025-ci il tarixlərində televiziya və radio yayımlarının vəziyyətinin öyrənilməsi məqsədilə Naxçıvan Muxtar Respublikasına səfər edib.
Bu barədə Trend-ə Audiovizual Şuradan məlumat verilib.
Bildirilib ki, səfər çərçivəsində “Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Verilişləri” QSC-nin sədri Sahil Tahirli ilə görüş keçirilib, televiziyanın iş şəraiti ilə tanışlıq olub. Nümayəndə heyətinə “Naxçıvan TV” və “Naxçıvan Radiosu” proqramlarının hazırlanması, yayıma buraxılması, prosesə texniki nəzarət, materialların saxlanılması ilə bağlı geniş məlumat verilib.
Daha sonra nümayəndə heyəti Naxçıvan Radio-Televiziya Ötürücü Mərkəzində olub. Televiziya və radio yayımının keyfiyyətinin ölçülməsi, radioverici mərkəzin təhcizatı və avadanlıqların parametrlərinə baxış keçirilib. Muxtar Respublika ərazisində TV və radio yayım keyfiyyəti öyrənilib, “DAB+” standartlı rəqəmsal radio yayımına keçilməsi imkanları nəzərdən keçirilib.
Eyni zamanda, qonşu ölkələr tərəfindən efirə müdaxilənin vəziyyətinin öyrənilməsi məqsədilə Naxçıvan Radio-Televiziya Ötürücü Mərkəzinə məxsus olan radio-televiziya yayım stansiyaları, onların yerləşmə ərazisi, dəniz səviyyəsindən hündürlüyü, antena qüllələrinin hündürlüyü barədə məlumatlar əldə edilib. Radio-televiziya yayım stansiyalarında istismar olunan televiziya və radio vericiləri, onların sayı, tipi və əsas parametrləri (nominal gücü, hazırda hasil etdiyi güc, TV yayım kanalı, yayım radiotezliyi, antenaların tipi, kombayner və ya çıxış süzgəcinin olub-olmaması) haqqında məlumatlar toplanılıb, müvafiq ölçmə işləri aparılıb.
Səfər çərçivəsində həmçinin, Naxçıvan Muxtar Respublikasının rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini, nazir vəzifəsini icra edən Rahid Ələkbərli ilə görüş keçirilib.
Görüşdə Muxtar Respublika ərazisində televiziya və radio yayımlarının keyfiyyəti, qonşu ölkələrdən efirə müdaxilə, Naxçıvan Radio-Televiziya Ötürücü Mərkəzinin radio-televiziya yayım stansiyalarının təchizat səviyyəsi müzakirə olunub. Görüş zamanı proqramların paylanması şəbəkəsinin ümumi rabitə şəbəkəsinə inteqrasiyası məsələsi barədə fikir mübadiləsi aparılıb.
Nümayəndə heyəti Medianın İnkişafı Agentliyinin Naxçıvan regional idarəsinin müdiri Vəfa İsgəndərova ilə də görüşüb.
Görüşdə Muxtar Respublikada regional media subyektlərinin inkişafı üçün Audiovizual Şura və Medianın İnkişafı Agentliyi tərəfindən birgə həyata keçirilən tədbirlərin bundan sonra da davam etdirilməsinin vacibliyi qeyd edilib.