...

Rəqəmsallaşma dövrünün tələblərinə cavab verən jurnalistlərin hazırlanması prioritet məsələ kimi qarşıya qoyulmalıdır - Elçin Babayev

Cəmiyyət Materials 15 May 2025 10:34 (UTC +04:00)
Rəqəmsallaşma dövrünün tələblərinə cavab verən jurnalistlərin hazırlanması prioritet məsələ kimi qarşıya qoyulmalıdır - Elçin Babayev
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Rəqəmsallaşma dövrünün tələblərinə cavab verən jurnalistlərin hazırlanması prioritet məsələ kimi qarşıya qoyulmalıdır.

Trend xəbər verir ki, bunu Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev “Rəqəmsal dövrdə media və kommunikasiya fəaliyyəti” mövzusunda beynəlxalq konfransın açılış mərasimində çıxışı zamanı deyib.

"Müstəqil dövlət qurmaq və ədalətli cəmiyyət formalaşdırmaq ideyası tarixən xalqımızın başlıca məqsədlərindən biri olub. Bu yüksək məqsədlərin həyata keçirilməsində milli mətbuatın xüsusi rolunun olduğu danılmazdır.

Böyük şəxsiyyət Həsən bəy Zərdabinin 1875-ci il iyulun 22-də əsasını qoyduğu “Əkinçi” qəzeti ilə başlayan milli mətbuatımız maarifçilik ideyalarının yayılmasında və ictimai düşüncənin inkişafında müstəsna rol oynayıb", - o qeyd edib.

Rektor bildirib ki, milli mətbuatımızın 150 illik yubileyinin geniş miqyasda qeyd olunması, həm də Azərbaycan mediasının keçdiyi tarixi mərhələlərə nəzər salmağı, ölkədə media və jurnalistika sahəsində formalaşan inkişaf meyillərinin təhlilini, bununla yanaşı qarşıda duran vəzifələrin müəyyənləşdirilməsini aktuallaşdırır:

“Əkinçi” ilə başlanan yeniləşmə və maarifçilik hərəkatı sonrakı dövrlərdə yeni ideyalarla zənginləşib, milli mətbuat ölkənin ictimai fikir tarixinin ayrılmaz tərkib hissəsinə çevrilib.

Hazırda öz tarixi inkişafının mühüm mərhələsini yaşayan, ərazi bütövlüyünü və suverenliyini bərpa edən, qalib Azərbaycanda söz, fikir və informasiya azadlığı, demokratik prinsiplərin təməl daşları olaraq güclü bir şəkildə möhkəmləndirilib.
Bu azadlıqlar, cəmiyyətin inkişafı və müasir dövrdəki müstəqil düşüncə ilə harmoniya içində olan bir dövlətin qüdrətlənməsinin ən vacib amillərindəndir”.

E.Babayev vurğulayıb ki, həddindən artıq geniş informasiya axınının mövcud olduğu belə çətin dövrlərdə, dezinformasiyaların, yanlış xəbərlərin və manipulyasiyaların qarşısını almaq, cəmiyyətə düzgün, dürüst və operativ informasiyanın təqdim edilməsi xüsusi əhəmiyyət kəsb edir.

“Bu gün milli medianın əldə etdiyi əhəmiyyətli nailiyyətlərdən geniş şəkildə bəhs etmək mümkündür. Bununla belə, mövcud çağırışlar, xüsusilə də jurnalistika təhsilinin məzmun və forma baxımından yenilənməsini, müasir tədris texnologiyalarının tətbiqini və bu sahədə institusional potensialın gücləndirilməsini zəruri edir.
Bu kontekstdə ölkə mediası üçün peşəkar jurnalist kadrlar hazırlayan aparıcı ali təhsil müəssisəsi kimi Bakı Dövlət Universiteti qarşısında mühüm vəzifələr dayanır.

Universitet jurnalistika təhsilinin məzmun və strukturunun yenilənməsi, informasiya-kommunikasiya texnologiyalarının tətbiqi ilə tədris prosesinin müasirləşdirilməsi istiqamətində fəaliyyətini daha da gücləndirməlidir.

Bununla yanaşı, mobil kommunikasiya vasitələrinin və sosial media platformalarının üstünlük təşkil etdiyi rəqəmsallaşma dövrünün tələblərinə cavab verən jurnalistlərin hazırlanması prioritet məsələ kimi qarşıya qoyulmalıdır. Jurnalistika sahəsində aparılan islahatların ali təhsil sistemi ilə effektiv şəkildə uzlaşdırılması, innovativ tədris metodlarının tətbiqi və müasir medianın çağırışlarına uyğun kadr hazırlığının təşkili Bakı Dövlət Universitetinin qarşısında duran əsas vəzifələr sırasında mühüm yer alır. Universitetin bu istiqamətdə həyata keçirdiyi kompleks və məqsədyönlü tədbirlər milli mətbuatın keyfiyyətcə yeni mərhələyə qədəm qoymasına və beynəlxalq informasiya məkanında mövqeyinin möhkəmlənməsinə əhəmiyyətli töhfə verəcək”, - deyə o fikrini tamamlayıb.

Xəbər lenti

Xəbər lenti