...

İkili Diplom Proqramları çərçivəsində Rəhbər Komitə üzvləri ABŞ-yə səfər ediblər (FOTO)

Cəmiyyət Materials 22 May 2025 17:31 (UTC +04:00)
İkili Diplom Proqramları çərçivəsində Rəhbər Komitə üzvləri ABŞ-yə səfər ediblər (FOTO)
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

ADA Universitetinin ikili diplom proqramları üzrə Rəhbər Komitəsinin üzvləri 12–16 may tarixlərində ABŞ-yə işgüzar səfər ediblər.

Bu barədə Trend-ə ADA Universitetindən məlumat verilib.

Bildirilib ki, səfər ADA Universiteti və ABŞ-nin Corc Vaşinqton Universiteti ("GWU") arasında mövcud əməkdaşlığın qiymətləndirilməsi, qarşıdakı illər üçün tələbə qəbulu və təbliğat fəaliyyətlərinin müzakirəsi, müəllim heyətinin inkişafı və yeni akademik təşəbbüslərin nəzərdən keçirilməsi məqsədi daşıyıb.

Nümayəndə heyətinin üzvləri ADA Universitetinin prorektorları Elkin Nurməmmədov və Günay Ziyadova, İnformasiya Texnologiyaları və Mühəndislik fakültəsinin dekanı Abzatdin Adamov, Elm və Təhsil Nazirliyinin müşaviri Nicat Məmmədli, Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin sədri Tural Əhmədov və Dövlət Proqramı İdarəetmə Qrupunun rəhbəri Turan Topalovadan ibarət olub.

Səfər çərçivəsində nümayəndələr “GWU”nun Mühəndislik və tətbiqi elmlər fakültəsinin dekanı Con Lak da daxil olmaqla tərəfdaş universitetin akademik heyəti ilə bir sıra görüşlər keçiriblər. Tərəflər birgə proqramların hazırkı vəziyyəti, tədris keyfiyyəti və davamlılığı, eləcə də tələbə qəbulu və akademik heyətin potensialının gücləndirilməsi istiqamətində planları müzakirə ediblər.

Həmçinin Rəhbər Komitə üzvləri Azərbaycanın ABŞ-dəki səfirliyində səfir Xəzər İbrahimlə görüşüblər. Görüşdə universitetlərarası əməkdaşlığın genişləndirilməsi, birgə tədqiqat layihələri, innovasiya və bilik mübadiləsini inkişaf etdirəcək mümkün istiqamətlər və mexanizmlər müzakirə olunub.

Rəhbər Komitə üzvləri eyni zamanda "GWU"da təhsil alan ADA tələbələri ilə də görüşərək onların təəssüratlarını, əldə etdikləri bilik və bacarıqları, həmçinin ABŞ-dəki akademik və sosial təcrübələrini dinləyiblər.

Səfər nümayəndə heyətinin "GWU"da keçirilən Məzun günündə iştirakı ilə yekunlaşıb.

Elektrik və Elektroenergetika mühəndisliyi üzrə ikili diplom proqramının tələbələrinin də məzun olduğu mərasimdə dekan Abzatdin Adamov "GWU"nun müəllim heyəti ilə birlikdə səhnədə yer alaraq tələbələri təbrik edib.

Xatırladaq ki, ADA Universiteti 2020-ci ildən etibarən Corc Vaşinqton Universiteti ilə əməkdaşlıq çərçivəsində Kompüter Elmləri və Data Analitikası, eləcə də Elektrik və Elektroenergetika mühəndisliyi üzrə ikili diplom magistr proqramları təqdim edir.

“Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə 2019–2023-cü illər üçün Dövlət Proqramı” çərçivəsində maliyyələşdirilən bu proqramlara qəbul edilən 100-dən çox tələbədən 83-ü artıq təhsil müddətini tamamlayaraq məzun olublar. Bu proqramlar vasitəsilə formalaşan uğurlu təcrübəyə əsaslanaraq ADA Universiteti müəllim heyətinin inkişafı üçün"GWU" ilə əməkdaşlıq çərçivəsində ilk doktorantura proqramına da start verib. Sözügedən proqram üzrə tələbə qəbulu 2025-ci ildən həyata keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti