Bakı. Trend:
Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən vətəndaşları ciddi narahat edən korrupsiya xarakterli cinayətlərin və hüquqpozmaların daha geniş yayıldığı idarəetmə və xidmət sahələri müəyyən edilib, həmin əməlləri törətmiş vəzifəli şəxslər məhkəmə məsuliyyətinə verilib.
Trend xəbər verir ki, bu barədə Baş prokuror Kamran Əliyevin rəhbərliyi ilə videokonfrans rejimində Azərbaycan Respublikasının Prokurorluğu orqanları tərəfindən 2025-ci ilin birinci yarımilində cinayətkarlığa qarşı mübarizə və digər sahələrdə görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunan Geniş Kollegiya iclasında məlumat verilib.
Məlumata görə, Baş İdarənin əməliyyat qurumları tərəfindən həyata keçirilən əməliyyat tədbirləri nəticəsində 10 şəxs cinayət başında yaxalanıb, əməliyyat üsul və vasitələrindən istifadə etməklə korrupsiya hüquqpozmaları barədə əldə edilmiş məlumatlar əsasında 59 cinayət işi başlanıb.