Bakı. Trend:
2018–2025-ci illərdə Azərbaycanda əmək haqqı fondu 3,2 dəfə, o cümlədən qeyri-dövlət sektoru üzrə 3,6 dəfə artıb.
Trend xəbər verir ki, bunu bu gün Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev “Dayaq” mükafatının təqdimetmə mərasimində bildirib.
“2018–2025-ci illərdə əmək müqavilələrinin sayı 45 faiz və ya 595 min artıb, bu artımın 92 faizi özəl sektorun payına düşüb. Həmin dövrdə ölkə üzrə əməkhaqqı fondu 3,2 dəfə, o cümlədən qeyri-dövlət sektoru üzrə 3,6 dəfə yüksəlib. Əhalinin aktiv məşğulluğunun təmin edilməsi və müasir əmək bazarının çağırışlarına cavab olaraq, dövlət başçısının müvafiq sərəncamı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının 2019–2030-cu illər üçün Məşğulluq Strategiyası əhalinin səmərəli məşğulluğunun təmin olunmasına yönəlmiş uzunmüddətli dövlət siyasətinin əsasını təşkil edir”, - deyə nazir vurğulayıb.
Nazirin sözlərinə görə, islahatların aparılmasına başlanıldığı vaxtdan bəri nazirlik 2,1 milyondan çox şəxsi aktiv məşğulluq tədbirləri ilə əhatə edib.
“Onlardan 823 min nəfər işlə təmin edilib, 82 peşə istiqaməti üzrə 54 mindən çox şəxs peşə hazırlığı keçib, 111 min nəfər isə özünüməşğulluq proqramına cəlb olunub”, – deyə o vurğulayıb.
