Bakı. Trend:
2024-cü ildə ölkə üzrə təhsildə gender bərabərlik indeksi 2010-cu illə müqayisədə məktəbəqədər təhsil müəssisələri üzrə 0.846-dan 0.876-ya yüksəlib.
Trend xəbər verir ki, bu barədə məlumat Dövlət Statistika Komitəsinin Dayanıqlı İnkişaf Məqsədləri statistik icmalında əks olunub.
Statistikaya görə, ümumi təhsil müəssisələri üzrə bu göstəricilər 0.859-dan 0.880-dək, ali təhsil müəssisləri üçün isə 0.838-dən 1.030-a qədər yüksəlib. Orta ixtisas təhsil müəssisələri üzrə isə göstərici 1.958-dən 1.680-dək enib.
Qeyd edək ki, təhsildə gender bərabərliyi indeksi kişi və qadınların təhsildə iştirak bərabərliyi səciyyələndirən göstəricidir. Bərabərlik indeksi vahiddən nə qədər uzaq qiymət alarsa, cinslər arasındakı bərabərsizlik də bir o qədər böyük olur.
Statistik icmalda həmçinin, 2015-2024-cü illər ərzində İKT-dən istifadə bacarıqlarına malik olan şəxslərin xüsusi çəkisi barədə də məlumat əks olunub. İnformasiya Kommunikasiya Texnologiyalarından istifadə bacarığına malik gənclərin xüsusi çəkisi 85.3-dən 94.1 faizədək, böyüklərin xüsusi çəkisi isə 60.2 faizdən 79.4 faizədək artıb.
