Bakı. Trend:
Bakıda "Qoşulmama Hərəkatının Gənclər Həftəsi" öz işini yekunlaşdırıb.
Trend xəbər verir ki, tədbir iki gün davam edəcək.
Bu gün “Təhsilin təsiri: diplomatiyada elmin, siyasətin və kommunikasiyanın rolu”, “Öhdəlikdən fəaliyyətə: vətəndaş cəmiyyətində, sənayedə və biznesdə dayanıqlı inkişaf” mövzularında panel müzakirələri keçiriləcək.
Tədbirdə ilk çıxış edən Qoşulmama Hərəkatının Gənclər Təşkilatının sədri Leyla Həsənova bildirib ki, "Qoşulmama Hərəkatının Gənclər Həftəsi" açıq, səmimi və nəsillərarası dialoq üçün yaradılmış bir platformadır.
“Yaxın günlər ərzində biz qeyri-müəyyənlik şəraitində diplomatiya, dayanıqlı inkişaf və enerji keçidi, şəhər inkişafı, həmçinin gənclərin beynəlxalq və siyasi yönümlü sahələrdə mənalı karyera qurması üçün zəruri olan bacarıqları müzakirə edəcəyik. Bu müzakirələr qlobal çağırışları, eləcə də Qoşulmama Hərəkatının əsas dəyərlərini əks etdirir və əməkdaşlıq, dialoq və qarşılıqlı hörməti ehtiva edir”, – deyə o bildirib.
Onun sözlərinə görə, bu həftə müzakirələrlə kifayətlənməməyə həsr olunub. Söhbət ideyaların fəaliyyətlə, siyasətin isə insanlarla vəhdətindən gedir.
“Biz tez-tez eşidirik ki, gənclər sabahın liderləridir, lakin onlar artıq bu gün də fəal iştirakçıdırlar, yeni baxışlar, məsuliyyət və həll yollarının tapılmasına səmimi sadiqlik gətirirlər”, – deyə L. Həsənova qeyd edib.
O vurğulayıb ki, tədbirə 100-dən artıq iştirakçı qatılıb.
Daha sonra Azərbaycanın xarici işlər nazirinin müavini Yalçın Rəfiyev qeyd edib ki, Azərbaycan hər zaman məsələlərin diplomatik və siyasi vasitələrlə həllinin tərəfdarı olub.
“Bu gün biz görürük ki, məhz dialoq və diplomatiya vasitəsilə bir çox problemlər həllini tapır. Azərbaycanın vasitəçi dövlət və ya “körpülər quran” kimi oynadığı müasir rol təkcə münaqişələr zamanı deyil, eyni zamanda bizim praktiki fəaliyyətlərimizdə, ələlxüsus da Bakıda keçirilən COP29 zamanı özünü büruzə verib”,- deyə Yalçın Rəfiyev bildirib.
Onun sözlərinə görə, Azərbaycan beynəlxalq dialoq üçün yaxşı tanınan və nüfuzlu bir platformadır.
Nazir müavini xatırladıb ki, bu ilin may ayında Azərbaycanda Ümumdünya Şəhərsalma Forumu keçiriləcək və bu forum urbanizasiyanın müasir çağırışlarının, iqlim və ekoloji dayanıqlılıq standartlarına uyğun davamlı və dayanıqlı şəhərlərin formalaşdırılması məsələlərinin müzakirəsi üçün müxtəlif ölkələrdən minlərlə nümayəndəni bir araya gətirəcək.
O, həmçinin qeyd edib ki, bu il Azərbaycan bir sıra digər mühüm beynəlxalq tədbirlərin də təşəbbüskarı kimi çıxış edib və onlara ev sahibliyi edəcək. Bunlara aprel ayında UNESCO-nun sessiyası, iyun ayında İslam İnkişaf Bankının illik toplantısı, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEMT) Sammiti və digər tədbirlər daxildir.
Y. Rəfiyev vurğulayıb ki, Azərbaycan bir sıra mühüm beynəlxalq məsələlər üzrə vasitəçi və dialoqun təşəbbüskarı kimi çıxış etməyə hazırdır.
“Biz artıq müxtəlif ölkələrin və siyasi qrupların nümayəndələrinin iştirak etdiyi görüşlərə ev sahibliyi etmişik. Bu görüşlərdə problemlər müzakirə olunub və mümkün həll yolları axtarılıb”, – deyə Yalçın Rəfiyev qeyd edib.
Onun sözlərinə görə, Azərbaycan mehriban qonşuluq siyasəti yürüdür, eyni zamanda Avropa sivilizasiyasının bir hissəsi olaraq İslam həmrəyliyinin möhkəmləndirilməsinə töhfə verir, ardıcıl şəkildə qoşulmama siyasətini təşviq edir:
“Bütün bunlar bir daha təsdiqləyir ki, Azərbaycanın qlobal siyasətə və sabit beynəlxalq sistemin formalaşdırılmasına verdiyi töhvə mühüm və tələb olunandır”.
Azərbaycanın Elm və Təhsil Nazirliyinin Aparat rəhbəri Mətin Kərimli isə əlavə edib ki, Azərbaycan təhsil sistemində süni intellektin tətbiqi üçün çoxsaylı imkanlar mövcuddur.
“Biz süni intellekt alətlərindən istifadə etməklə rəqəmsal tədris platformasını işə salmışıq və Azərbaycan təhsil sistemində geniş imkanlar görürük. Bu, dağlıq və ucqar ərazilərdə yaşayan uşaqlar üçün dərslərin təşkili, məktəbəqədər hazırlıq, müəllim hazırlığı, biliklərin qiymətləndirilməsi prosesi kimi sahələri əhatə edir”, – deyə o qeyd edib.
M. Kərimli vurğulayıb ki, süni intellekt təhsil üçün böyük perspektivlər açır:
"Bununla yanaşı, bu proses texniki imkanlar, infrastrukturun inkişafına ciddi investisiyalar və ən əsası düşüncə tərzinin hazırlanmasını tələb edir".
Onun sözlərinə görə, bu gün süni intellektin təhsil sistemində tətbiqi ilə bağlı müəyyən qorxular mövcuddur, lakin bir çoxları bunu böyük imkanlar kimi də qiymətləndirir.
Bundan başqa, Azərbaycanın Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Elşad İskəndərov deyib ki, biz dezinformasiyanın getdikcə daha geniş vüsət aldığı bir dövrdə yaşayırıq.
“Bunu asanlıqla müşahidə etmək olar. Məsələn, xəbərləri gənc nəslin nümayəndələri ilə və ya əksinə, ailənin yaşlı üzvləri – nənə-babalar, bəzən isə valideynlərlə müzakirə edərkən. Onlar tez-tez sosial şəbəkələrdə gördükləri, süzgəcdən keçirilməmiş və faktları yoxlanılmamış materialları paylaşırlar. Sensasion xarakterli bu məlumatlar isə əslində dezinformasiya, saxta xəbərlər və ya süni şəkildə yaradılmış informasiya atmalarına çevrilir”, – deyə o bildirib.
E. İskəndərov vurğulayıb ki, bu prosesdə texnologiyalar çox böyük rol oynayır və süni intellekt elmi-texnoloji nailiyyətlərin reallığın təhrif edilməsi üçün necə istifadə oluna biləcəyini göstərən ən bariz nümunələrdən biridir.
“Bu isə o deməkdir ki, elmin və texnologiyaların əks rolda çıxış etməsinə – dezinformasiyaya qarşı mübarizə alətlərinə çevrilməsinə, tənqidi düşüncənin inkişafına və bu yanaşmaların diplomatik proseslərə inteqrasiyasına yönəlmiş davamlı və sistemli səylərə ehtiyac var”, – deyə o qeyd edib.
E. İskəndərovun sözlərinə görə, eyni zamanda bu, son dərəcə həssas mövzudur, çünki burada senzura, informasiya azadlığı və ifadə azadlığı məsələləri ön plana çıxır. Bu prinsiplər arasında balansın tapılması ciddi çağırış olaraq qalır.
Milli Məclisin deputatı, ADA Universitetinin prorektoru Fariz İsmayılzadə öz növbəsində bildirib ki, universitetlər gələcək rəhbərlərin düşüncə tərzinin formalaşmasında mühüm rol oynayır.
“İnsanın dəyərlərinin və dünyagörüşünün formalaşdığı dövr məhz universitet illəridir. Hamınız ya artıq tələbə olmusunuz, ya da hazırda tələbəsiniz və məhz siz, o cümlədən biznes və dövlət sektorunda gələcək liderlərsiniz. Buna görə də universitetlər gələcək rəhbərlərin düşüncə tərzinin formalaşmasında mühüm rol oynayır. Məzunlar şirkət rəhbərlərinə və ya dövlət qurumlarının başçılarına çevrildikdə ekoloji məsələlərə, ‘yaşıl’ enerjinin inkişafına, tullantıların təkrar istehsalına, enerjiyə qənaətə və planetin qorunmasına bütövlükdə daha ciddi yanaşmağa başlayırlar”, – deyə o bildirib.
Onun sözlərinə görə, tələbələrə dayanıqlı inkişaf üzrə ən yaxşı dünya təcrübələri nümayiş etdirilir, ətraf mühitə və planetə gündəlik fəaliyyətlər və uzunmüddətli strategiyalar vasitəsilə necə qayğı göstərməyin mümkün olduğu izah olunur.
“Gələcəkdə rəhbər vəzifələr tutduqda, onlar bu yanaşmaları siyasət və idarəetmə səviyyəsində tətbiq etmək imkanı əldə edirlər”, – deyə F. İsmayılzadə qeyd edib.
O həmçinin vurğulayıb ki, ADA Universitetinin baxışı da məhz bundan ibarətdir. Universitetin ərazisində “Masdar” şirkətinin iştirakı ilə günəş panelləri quraşdırılıb, həmçinin geotermal qurğular yaradılıb.
“Beləliklə, biz bərpa olunan enerji üzrə ən yaxşı təcrübələri yalnız nəzəriyyədə deyil, həm də tədqiqatlar və konkret layihələr vasitəsilə praktikada tətbiq edirik”, – deyə F. İsmayılzadə bildirib.
Qeyd edək ki, tədbir sabah da davam edəcək.
